Fələstinin Azərbaycandakı səfiri: “Fələstin ərazisində 400 ədəd İsrail hərbi yoxlama məntəqələri mövcuddur”

Fələstinin Azərbaycandakı səfiri: “Fələstin ərazisində 400 ədəd İsrail hərbi yoxlama məntəqələri mövcuddur” Əbdül Nasir Kərim AMEA Mərkəzi Elmi Kitabxanasında olub
Xarici siyasət
3 Fevral , 2016 13:35
Fələstinin Azərbaycandakı səfiri: “Fələstin ərazisində 400 ədəd İsrail hərbi yoxlama məntəqələri mövcuddur”

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əbdül Nasir Kərim “Fələstin problemi və Yaxın Şərqdə sülhün perspektivləri” mövzusunda mühazirə ilə çıxış edib. Bu barədə “Report”a MEK-in mətbuat xidmətindən bildirilib.

AMEA Tarix İnstitutu, BDU tələbələri və MEK əməkdaşlarının iştirakı ilə baş tutan tədbirdə səfir Fələstinin XX əsrdə keçdiyi çətin yol, İsrail-Fələstin münaqişəsinin başlanması, gedişi və cari vəziyyəti, Fələstin tarixi barədə məlumat verib. Fələstinin işğalının müasir bəşər tarixinin ən uzun işğalı hesab olunduğunu deyən səfir problemlərin başlanma səbəbi, tarixi faktlar və insanların işğal altında həyat tərzləri haqqında danışıb.

Çıxışına İsrail dövlətinin yaranması prosesinin tarixi kökləri haqda məlumat verməklə başlayan səfir bu prosesin 1897-ci ildə Tedor Herzlin İsveçrədə I Dünya Sionist qurultayını çağırması və başda İngiltərə olmaqla Qərb ölkələrinin Fələstin torpaqlarında yəhudi dövlətinin yaradılmasını dəstəkləməsiylə həyata keçirildiyini bildirib. Səfirin sözlərinə görə, İkinci Dünya müharibəsində Avropada nasistlərdən qaçan minlərlə yəhudi Fələstinə köçürülüb. 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinin Fələstin torpaqlarında ərəb və yəhudi dövlətinin yaradılması ilə bağlı qərarına əsasən, Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik Yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqləmişdir. 1948-ci il mayın 15-də İsrail dövləti elan olunub. BMT qərarının ziddinə olaraq İsrail fələstinlilərə öz dövlətlərini yaratmağa imkan verməsə də 5 noyabr 1988-ci ildə Əlcəzairdə toplanan Fələstin Milli Şurası müstəqil Fələstin dövlətini elan edib.

Daha sonra səfir fələstinlilərin yaşadığı şərait haqda məlumat verib. Səfirin sözlərinə görə, hazırda Fələstin ərazisində 400 ədəd İsrail hərbi yoxlama məntəqələri mövcuddur. Fələstinin Nambus şəhərində radikal yəhudilərin toplaşdığını deyən səfir, onlara məxsus 150-dən çox qeyri-qanuni yaşayış məskənlərinin olduğunu da vurğulayıb. Fələstin şəhərlərini ayıran divar haqqında da məlumat verən Nasir Kərim uzunluğu 750 km olan və şəhərləri bir-birindən ayıran bu divarın fələstinlilərin onsuzda acınacaqlı olan yaşayışlarını daha da çətinləşdirdiyini bildirib. Qeyd edək ki, İsrailin tikdirdiyi təhükəsizlik divarının leqallığı məsələsi 2003-cü ildə “Haaqa” məhkəməsində müzakirə olunmuş və divarın beynəlxalq hüquqa zidd olduğu bildirilib.

Görüş zamanı Azərbaycan və Fələstin arasındakı qarşılıqlı münasibətlərdə gedən inkişafdan da söz açan səfir iki dövlətin tarixləri arasında oxşarlıqların olduğunu da söyləyib.

Mühazirənin sonunda səfir Nasir Kərim iştirakçıları maraqlandıran sualları cavablandırıb. 

Son xəbərlər

Orphus sistemi