Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların tezliklə bitəcəyinə və bu sazişin əməkdaşlığımızı müasir dövrə və hazırda üzləşdiyimiz çağırışlara daha uyğun edəcəyinə ümidvaram".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
F.Mogerini qeyd edib ki, Azərbaycan iqtisadiyyatını şaxələndirir və Aİ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olunacağına ümid edir.
Aİ-nin ali nümayəndəsinin sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması Avropa, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat şəbəkəsinin inkişafı baxımından irəliyə doğru atılmış addımdır.