“Seçkilərdə azərbaycanlı qardaşlarımızın dəstək və dualarını gözləyirik”.
Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisində Ədirnəni təmsil edən deputat Fatma Aksal deyib.
Onun sözlərinə görə, iki gün əvvəl Ədirnədə Prezident Rəcəb Tayyib Ərdoğan möhtəşəm mitinq keçirib: “Artıq bu seçkilər sadəcə Azərbaycanın və Türkiyənin diqqətində olan seçkilər deyil, bütün dünyanın diqqət mərkəzindədir. Ümid edirəm ki, Türkiyə xalqı mayın 14-də Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçəcək”.
Deputat təəssüflə qeyd edib ki, bu seçkilər ölkə daxilində iqtidarla müxalifət arasında olan bir seçki deyil: “Bir tərəfdə ölkənin, həmçinin türk dünyasının, bütün məzlumların səsi olan bir lider var. Qarşı tərəfdə isə kimlərin olduğu bəlli deyil. ABŞ niyə müxalifətə bu qədər dəstək verir?! Bu addımlar Türkiyəni və Türkiyə xalqını düşündükləri üçün atılmır. Türkiyə xalqı bütün çətin dövrlərdən hər zaman birlik və bərabərlik içində çıxıb. Bütün məsələ Rəcəb Tayyib Ərdoğan rəhbərliyində böyüyən, güclənən Türkiyə və türk dünyasıdır. Xalqımız bunu yaxşı görür. Ədirnəlilər də mitinqdə cənab Prezidentimizə öz dəstəklərini göstərdilər. Bunun üçün də onlara təşəkkür edirik”.
F.Aksal vurğulayıb ki, azərbaycanlılar hər zaman qardaşlarına dəstək veriblər: “Türkiyə də hər zaman qardaşlarının yanındadır. Seçkilər üçün dəstəklərini görürük, lakin dualarını da istəyirik. 14 maydakı seçkilərdən sonra görüləcək çox işimiz, gediləcək çox yolumuz var”.