"Biz, dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artımı ürəkağrısı ilə müşahidə edirik".
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələrin yan təsiri kimi didərgin düşüb: "Lakin bəzi hallarda məkrli aktorların silahlı münaqişələri məhz etnik təmizləmə məqsədilə başlatdığı qeyd edilməlidir. Belə mənfur nümunələrdən biri də Ermənistanın Azərbaycana qarşı başlatdığı münaqişədir.
Ermənistanın hərəkətləri Ermənistandakı azərbaycanlıların öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdir. Cəzasızlıqdan cəsarətlənən Ermənistan daha sonra Azərbaycana qarşı güc tətbiq edərək, onun ərazilərini işğal etmiş və oranın azərbaycanlı sakinləri qovmuşdur".
İcma sədri Ümumdünya Qaçqınlar Günündə Qərbi Azərbaycan İcması olaraq, bütün dünyada məcburi köçkünlərlə həmrəy olduqlarını bildirib.