Estoniya XİN: "Avropa İttifaqı Şurasındakı sədrliyimiz dövründə "Şərq tərəfdaşlığı" proqramı prioritet olacaq"

Estoniya XİN: "Avropa İttifaqı Şurasındakı sədrliyimiz dövründə "Şərq tərəfdaşlığı" proqramı prioritet olacaq" "Yeni saziş üzrə danışıqların başlanması Azərbaycan ilə Aİ arasında əməkdaşlığın vacibliyini göstərir"
Xarici siyasət
7 İyul , 2017 17:25
Estoniya XİN: Avropa İttifaqı Şurasındakı sədrliyimiz dövründə Şərq tərəfdaşlığı proqramı prioritet olacaq

Bakı. 7 iyul. REPORT.AZ/ "Şərq tərəfdaşlığı" proqramı Estoniyanın Avropa İttifaqı (Aİ) Şurasında sədrliyinin əsas prioritetlərindən biri olacaq.

Bu barədə "Report"a Estoniya XİN-dən bildiriblər.

"Estoniya, Avropada kiçik ölkə kimi, şuraya sədrliyi Aİ-nin gələcəyinə töhfə vermək üçün inanılmaz imkan kimi dəyərləndirir", - nazirlikdən vurğulayıblar.

Estoniya XİN bu il noyabrın 24-də Brüsseldə keçiriləcək növbəti "Şərq Tərəfdaşlığı" sammitinin əhəmiyyətini qeyd edib və görüşün uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

"Şərq Tərəfdaşlığı"nın qarşıdakı sammiti yeni nəqliyyat və energetika marşrutları, insanların sərbəst hərəkəti, təhsil və təcrübə mübadiləsi üçün daha yaxşı imkanlar axtarışı məsələlərində qısa müddətdə nəticələr əldə etməyə imkan verəcək. Brüssel sammiti ilə paralel olaraq, Tallində biznes forum, eləcə də mülki cəmiyyət və elektron tərəfdaşlıq üzrə konfrans keçiriləcək. Bu cür tədbirlər və görüşlərin eyni maraqları olan insanların birləşməsinə töhfə verəcəyini, artıq mövcud olan əməkdaşlığı yaxşılaşdıracağını düşünürük. Azərbaycanı Aİ-nın qarşıdakı tədbirlərinə qoşulmağa dəvət edirik", - XİN-in mətbuat xidmətindən qeyd ediblər.

XİN-dən həmçinin Estoniyanın Aİ ilə Azərbaycan arasında bu yaxınlarda başlayan yeni strateji saziş üzrə danışıqlarını alqışladığını bildiriblər: "Saziş tərəflər arasında münasibətlərə yeni təkan verəcək, eləcə də Avropa və Azərbaycan arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın dərinləşməsinə səbəb olacaq".

"Yeni saziş üzrə danışıqların başlanması Azərbaycan ilə Aİ arasında əməkdaşlığın vacibliyini göstərir. Aİ və Azərbaycan arasındakı tərəfdaşlıq möhkəm saziş bazasının olmasına layiqdir. Ümid edirəm ki, Estoniyanın sədrliyi dövründə bu prosesdə irəliləyiş olacaq. Estoniya Azərbaycanın təşəbbüsünü alqışlayır, ancaq əməkdaşlığı yeni səviyyəyə çıxarmaq hər iki tərəfin marağındadır", - nazirlikdən vurğulayıblar.

Estoniya XİN Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd edib.

"Energetika və nəqliyyat yeni sazişdə əsas elementlərdir, Azərbaycan Şərq və Qərb arasında mühüm körpü rolunu oynayır, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirir. Aİ müxtəlif sahələrdə, məsələn, iqtisadiyyatın diversifikasiyası üzrə islahatlarda, demokratik institutların gücləndirilməsində, hüquq sistemdə, bu proseslərə vətəndaş cəmiyyətlərinin cəlb edilməsində Azərbaycana dəstək verməyə hazırdır", - Estoniya XİN-dən bildiriblər.

Müəllif: Anaxanım Hidayətova

Son xəbərlər

Orphus sistemi