Yuxarı

Elmar Məmmədyarov: "Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdır"

Etnik təmizləməyə məruz qalan Azərbaycan əhalisi öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıda bilmək hüquqlarını həyata keçirə bilməlidir

Bakı. 22 may. REPORT.AZ/ "Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdır". "Report" xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Avropa İtitfaqının "Şərq Tərəfdaşlığı" üzrə 4-cü Riqa sammitində çıxışında belə deyib. 

E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyev adından Latviya hökumətinə səmimi qonaqpərvərliyə və sammitin uğurlu təşkilinə görə təşəkkürünü bildirib. 

O qeyd edib ki, "Şərq Tərəfdaşlığı" üzrə Vilnüs sammiti tərəfdaşların Avropa İttifaqı ilə əməkdaşlığına stimul vermək məqsədilə hədəflər müəyyən edib: "Bu məqsədə çatmaq istiqamətindəki iş daha geniş və güclü dialoqa çağıran yeni geosiyasi problemlərin təsirinə məruz qalıb. Azərbaycana timsalında Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsi istiqamətindəki siyasətin mərkəzində praqmatiklik və hədəflənmiş yanaşma qalmaqdadır".

Xarici işlər naziri deyib ki, 2004-cü ildən etibarən Azərbaycanda ÜDM 3,5 dəfə artıb və bu da dünyada rekord rəqəmdir. Onun sözlərinə görə, son 11 ildə investisiyaların həcmi 180 milyard ABŞ dollarına çatıb: "Bizim 2004-cü ildə 1,8 milyarda bərabər olan xarici valyuta ehtiyatlarımız hal-hazırda 50 milyard ABŞ dollarını keçir. Nüfuzlu beynəlxalq təşkilatların iqtisadi göstəriciləri Azərbaycanın regionda dayanıqlı iqtisadi artıma malik olan qabaqcıl ölkə olduğunu təsdiq edir.

Bütün bu nailiyyətlər ölkənin davamlı siyasi islahatları ilə birlikdə addımlayan müasirləşməsinə töhfə verir. Azərbaycan fəal vətəndaş cəmiyyəti və ictimai iştirakın ölkədəki demokratik həmrəylik və iqtisadi inkişafda aktiv rol oynaya biləcəyini qəbul edir. Siyasi stabillik bizə bütün dünyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndirmək üçün üstünlüklər verən qiymətli nailiyyətimizdir".

E.Məmmədyarov vurğulayıb ki, dərin tarixi köklərə malik olan çoxmədəniyyətli cəmiyyət Azərbaycanı “sülh və rifah adası”na çevirir. O, sammit iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün bütün etnik qruplar və dinlər Azərbaycanda bərabər hüquq və imtiyazlardan faydalanırlar: "Biz multikulturalizmin təşviqinə hər hansı digər alternativin olmadığından əminik. Müasir dünya zorakılıq və mübarizəyə gətirib çıxaran özünü kənarlaşdırma və təcridə yol verə bilməz. Azərbaycan multikulturalizmin təşviqi sahəsində avropalı tərəfdaşları ilə əməkdaşlıq etməyə və tarixi təcrübəsini paylaşmağa hazırıdır".

XİN rəhbəri deyib ki, Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşdırılmasına dair çoxsaylı birgə təşəbbüslərinin nəticəsində enerji sahəsində strateji tərəfdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edir: "Cənub Qaz Dəhlizinin Bakıdakı təməlqoyma mərasiminin ardınca Türkiyənin Qars şəhərində TANAP üçün oxşar tədbirin keçirilməsi infrastruktur ilə bağlı məsələlərin həllində irəliyə doğru addım olmuşdur.

Qeyd edilməlidir ki, müvafiq hökumətlərin qarşılıqlı etimad, etibar və dəstəyi, eləcə də, cəlb olunan şirkətlər arasındakı effektiv əlaqə Cənub Qaz Dəhlizinin vaxtında və müvəffəqiyyətlə icrasının əsas ilkin şərtləri olmuşdur. Bununla əlaqədar olaraq, Azərbaycan Aİ və beynəlxalq maliyyə institutlarının iştirakı ilə Cənub Qaz Dəhlizi ölkələrinin Məşvərət Şurasının Bakı şəhərində ilk iclasını keçirmişdir.

Cənub Qaz Dəhlizi Avropa İttifaqının öz vətəndaşlarını təhlükəsiz, davamlı və arası kəsilməyən enerji ilə təmin etmək istədiyi Enerji İttifaqı vasitəsilə Aİ-nin hərtərəfli məqsədinə xidmət edəcəkdir. Buna görə, Azərbaycan yeni mənbələrdən yeni enerji həcmləri gətirəcək bu layihənin icrası üçün Aİ-nin daha güclü dəstəyini gözləyir.

Enerji sahəsindəki müvəffəqiyyətli əməkdaşlıq həm Azərbaycan, həm də Aİ üçün ikitərəfli müqavilə münasibətlərini strateji səviyyəyə qaldırmaq potensialına malikdir. Aİ-nin strateji tərəfdaş ölkələrinin sayının artması bu xüsusda ilham və stimul rolunu oynayır.

Digər geostrateji layihə Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryol şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsidir. Dörd il əvvəl ölkəm tərəfindən təşəbbüsü irəli sürülmüş bu layihə cari ildən fəaliyyətə başlayacaq. Bu dəhliz Avropa və Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionu vasitəsilə birləşdirərək çoxsaylı inkişaf imkanlarına yol açacaq".

Onun fikrincə, həll olunmamış münaqişələr "Şərq Tərəfdaşlığı"nda sülhə və əməkdaşlığa davamlı problemlər yaradır: "Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regiondakı qeyri-stabilliyin əsas amilidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əhəmiyyətini azaltmağa çalışaraq, onları yerinə yetirməkdən imtina edir. Azərbaycan ATƏT-in Minsk Qrupunun hərtərəfli sülh sazişinin işlənib hazırlanmasının başlanılmasına dair çağırışlarına qoşulur. Ancaq, Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır. Bu halda, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşməkdə davam edəcəkdir.

Regionda sülhün, stabilliyin, eləcə də, mehriban qonşuluq münasibətlərinin yaradılması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə mümkündür. Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdırlar. Etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıda bilmək hüquqlarını həyata keçirə bilməlidir".

E.Məmmədyarov bildirib ki, Azərbaycan gələcək Avropa Qonşuluq Siyasəti çərçivəsindəki münasibətlərdə tələblərə uyğun yanaşmanı dəstəkləyir: "Əməkdaşlığın yeni metodları ikitərəfli strateji tərəfdaşlıq sazişi layihəsində öz əksini tapır. Saziş layihəsi artıq rəsmi olaraq, Avropa İttifaqının komissarı Yohannes Han və yüksək nümayəndəsi Federika Moqeriniyə təqdim edilib.

Bəyannamə ilə bağlı onu qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini ikitərəfli formatda qurmaqdadır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi