Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması yəhudi xalqına başsağlığı verib

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması yəhudi xalqına başsağlığı verib "Bu cür faciələr bir daha təkrarlanmamalıdır!"
Xarici siyasət
27 Yanvar , 2018 11:19
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması yəhudi xalqına başsağlığı verib

Bakı. 27 yanvar. REPORT.AZ/ Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Holokost faciəsi ilə bağlı yəhudi xalqına başsağlığı verib. 

Qurumdan "Report"a verilən məlumata görə, mətndə bildirilir ki, İkinci Dünya müharibəsi dövründə yəhudi xalqına qarşı görünməmiş soyqırımı aktı törədilib - yaşlı insanlar, qadınlar, uşaqlar da daxil olmaqla milyonlarla insan faşizmin qurbanı olub və xüsusi qəddarlıqla məhv edilib. Milyonlarla insan, insanlıq qüruru və şərəfinə görə mübarizədə həyatlarını qurban verib.

"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Holokost Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı bütün yəhudi xalqına və bu faciəli hadisələr zamanı sevdiklərini itirmiş insanlara dərin hüznlə başsağlığı verir. BMT-nin Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul edilmiş A/RES/60/7 saylı qətnamədə deyilir: "Beynəlxalq ictimaiyyət, "etnik mənşəli və ya dini inanclardan irəli gələn fərdlər və ya toplumlara qarşı dini dözümsüzlük, təhqir, təqib və şiddətin bütün təzahürlərini birmənalı şəkildə qınayır". 

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu tezisləri dəstəkləyir və bu ağrıya həmdərd olanlara qoşulur. Bu cür faciələr bir daha təkrarlanmamalıdır!", - mətndə qeyd olunub.