Yuxarı

Erməni deputatın ATƏT PA-nın iclasında Azərbaycan əleyhinə çıxışı etiraza səbəb olub

Deputat Tahir Mirkişili erməni həmkarını susmağa məcbur edib

Tbilisi. 2 iyul. REPORT.AZ/ İyulun 2-də Tbilisidə ATƏT PA-nın iqtisadiyyat komitəsinin iclası keçirilib. 
"Report"un Gürcüstan bürosu xəbər verir ki, erməni deputatlar bu iclasda da Azərbaycana qarşı təxribatçı çıxışlar edərək ölkəmizin nüfuzuna zərbə vurmağa cəhd göstəriblər.

Azərbaycan nümayəndə heyətinin hadisələrə operativ reaksiya verməsi nəticəsində ermənilərin bu təxribatının da qarşısı alınıb.

Belə ki, İtaliya nümayəndə heyətinin üzvü Mariette Tedi iclasda məruzə ilə çıxış edib. ATƏT ölkələri arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində atılan addımlar, əldə olan uğurlar, əməkdaşlığa daha çox fayda verəcək resurslar, ölkələrin qarşılıqlı etimadının gücləndirilməsi ilə bağlı mexanizmlərin hazırlanması və s. məsələlər barədə məlumat verib.

Məruzə ətrafında aparılan müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü heç bir etikaya, iqtisadi komitənin reqlamentinə və ruhuna uyğun olmayan siyasi bəyanatla çıxış edib. Erməni deputat əsasən, aprel döyüşlərinə toxunub, Azərbaycanın aprel ayında ermənilərə qarşı apardığı hərbi əməliyyatlardan danışıb, bu əməliyyatların cavabsız qalmayacağını bildirib. O, bir az da irəli gedərək, lazım gəldikdə Azərbaycana daha güclü şəkildə cavab veriləcəyini bildirib.

Erməni deputatın heç bir etikaya və komitənin ruhuna uyğun olmayan bu bəyanatı tədbir iştirakçılarını çox təəccübləndirib.

İclasda iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini deputat Tahir Mirkişili erməni həmkarının cavabını verib və onu susmağa məcbur edib.

T.Mirkişili əvvəlcə Azərbaycanın ATƏT regionunda oynadığı iqtisadi rol, rəsmi Bakının təşəbbüsü ilə regionda reallaşan irimiqyaslı iqtisadi layihələrin əhəmiyyəti, prezident İlham Əliyevin təşəbbüsü ilə Şərq, Qərb, Şimal və Cənub dəhlizlərinin yaradılması barədə geniş məlumat verib.

T.Mirkişili jurnalistlərə açıqlamasında deyib:

“Mən bu layihələrin ATƏT regionunda iqtisadi əlaqələrin daha da genişləndirilməsinə, ölkələr arasında etimadın yaradılmasına və möhkəmlənməsinə xidmət etdiyini bildirdim. Azərbaycandan keçən və Avropaya uzanan beynəlxalq layihələrin əhəmiyyətini bir daha diqqətə çatdırdım. Komitə üzvləri Azərbaycanın rolunu yüksək qiymətləndirib, ölkəmizin iqtisadi imkanlarını daha dərindən öyrənmək niyyətində olduqlarını bildiridilər”.

O bu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Milli Məclisin deputatı qeyd edib ki, ermənilərin bu cür yersiz, qərəzli siyasi bəyanatları yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə zərbə vurmaq məqsədi daşıyır:

“Bu gün Azərbaycan və Ermənistan prezidentləri arasında sülh danışıqları gedir və Ermənistan nümayəndə heyətinin belə bir aqressiv bəyanat verməsi təxribatdır və danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti addımlardan biridir. Biz bir daha bəyan edirik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini işğal edib. Son aprel hadisələr də Azərbaycan ərazilərində baş verib. Ermənistan işğalçı dövlətdir və buna son qoyulmalıdır”.

Komitənin digər üzvləri də Ermənistan nümayəndəsinə etirazlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi