Ərdoğan Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ərdoğan Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Xarici siyasət
162
10 İyul , 2018 13:29
Ərdoğan Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.

Sonra Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Türkiyə Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Dövlət başçısı Bakıdakı Türk şəhidliyini ziyarət edib, 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılan abidə önünə əklil qoyub, xatirə dəftərini imzalayıb.

"Əziz şəhidlərimiz, iyunun 24-də tarixi seçkilərdən sonra prezident üsulidarəçilyinin birinci prezidenti olaraq, mənəvi hüzurununzda olmaqdan çox xoşbəxtəm. Sizlərin fədakarlığından aldığımız ilhamla bu günə qədər olduğu kimi inşallah, bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə genişlənib, inkişaf etməsi üçün fəaliyət göstərəcəyik. Ruhlarınız şad olsun", -deyə R.T.Ərdoğan vurğulayıb.