Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanın Küveytdəki yenə təyin olunmuş səfiri Elxan Qəhrəman Küveyt Dövlətinin baş nazirinin birinci müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahla görüşüb.
Azərbaycanın Küveytdəki səfirliyindən "Report"a verilən məlumata görə, səfir etimadnaməsinin surətlərini Küveyt XİN başçısına təqdim edib.
Görüşdə E.Qəhrəman ikitərəfli münasibətlərin yüksək səviyyəsindən söhbət açıb, Azərbaycanın Küveytlə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb.
Eyni zamanda, səfir Küveytin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib, iki ölkə arasında mövcud sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.
Küveytin xarici işlər naziri ölkə rəhbərliyi və xalqının Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.
Görüşdə xarici işlər nazirinin müavini Xalid Əl-Carullah, nazirin ofisinin müdiri Şeyx Əhməd Əl-Nasir Əl-Sabah, nazirin protokol məsələləri üzrə köməkçisi Dari Əcran Əl-Əcran iştirak ediblər.
