Elmira Süleymanova Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib

Elmira Süleymanova Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib Müvəkkil konfrans iştirakçılarını separatçı qüvvələrlə əməkdaşlıq etməməyə çağırıb
Xarici siyasət
27 Noyabr , 2015 15:49
Elmira Süleymanova Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Pakistanın İslamabad şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının "Ombudsman fəaliyyətinin problemləri" mövzusunda 14-cü konfransında və Direktorlar Şurasının iclasında iştirak edib. Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib. 

Beynəlxalq tədbirin plenar iclaslarında "Layiqli idarəetmə standartlarının inkişafında Ombudsmanın rolu", "Məxfilik şəffaflığa qarşı", "Ombudsmanın effektiv və professional fəaliyyəti" və digər mövzularda məruzələr dinlənilib.

Konfransda Azərbaycan Ombudsmanı E.Süleymanova "İnsan hüquqlarının təşviqi və müdafiəsinə dair strateji yanaşma" mövzusunda çıxış edib. O, ölkədə gedən inkişaf proseslərini diqqətə çatdırıb, habelə Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, insan hüquqları kütləvi surətdə kobudcasına pozulmuş bir milyon azərbaycanlının öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, minlərlə yaşayış məntəqəsinin, təhsil, səhiyyə və digər ictimai obyektlərin, habelə İslam mədəni irsi, tarixi və dini abidələrinin məhv edildiyini söyləyib.

Növbəti iki il üçün Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının seçkisi keçirilib, Pakistanın Federal Ombudsmanı Salman Faruki Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova isə Assosiasiyanın vitse-prezidenti seçiliblər. Eyni zamanda, üzv dövlətləri təmsil edən beş Ombudsman Direktorlar Şurasının üzvü seçilib.

Son xəbərlər

Orphus sistemi