​Elmar Məmmədyarov Riçard Hoqlandı qəbul edib

​Elmar Məmmədyarov Riçard Hoqlandı qəbul edib Azərbaycan-ABŞ əlaqələrinə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
23 İyul , 2015 13:43
​Elmar Məmmədyarov Riçard Hoqlandı qəbul edib

Bakı. 23 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqlandı qəbul edib. Bu barədə “Report”a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Riçard Hoqland ölkəsinin İpək Yolunun inkişaf etdirilməsi üzrə olan təşəbbüsləri dəstəklədiyini qeyd edərək Azərbaycanın bu istiqamətdə vacib rola malik olduğunu vurğulayıb. O, bu təşəbbüslərin həyata keçirilməsinin Avrasiya regionu boyunca sabitlik, çiçəklənmə və əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Elmar Məmmədyarov qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementi olaraq, Azərbaycan tərəfindən nəqliyyat infrastrukturunun imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. Bu xüsusda, Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kəsb etdiyi əhəmiyyəti qeyd edərək, Azərbaycanın tarixi İpək Yolunun dəmir-yolu, quru, dəniz, hava və hətta informasiya və kommunikasiya seqmentlərinin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb.

Həmçinin görüşdə Azərbaycan-ABŞ əlaqələrinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.