Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Polşanın iki naziri ilə görüşüb

    Görüşlərdə SOCAR-ın Polşanın şirkətləri ilə əməkdaşlıq məsələsi müzakirə olunub

    Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfər çərçivəsində bu ölkənin dəniz və daxili su hövzələri nəqliyyatı naziri Marek Qrabarçık və infrastruktur və tikinti naziri Andjey Adamçık ilə görüşüb.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşlərdə hər iki ölkənin limanları və tikinti üzrə qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.

    Elmar Məmmədyarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və görülən işlər barədə ətraflı məlumat verib. O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun imkanları, eləcə də yaxın gələcəkdə logistika sahəsində nəzərdə tutulan irimiqyaslı layihələr haqqında danışıb.

    Marek Qrabarçık gəmilərin tikintisi və balıqçılıq təsərrüfatının inkişaf etdirilməsi məsələlərinə toxunub və Polşanın təcrübəsi ilə bölüşüb.

    Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açdı və xüsusilə Şimal-Cənub dəmir yol xəttinin Polşanın limanlarına çıxış imkanlarından danışıb.

    Marek Qrabarçık dəniz limanları arasında əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycanlı həmkarlarını Polşaya dəvət edib. İnfrastruktur naziri Andjey Adamçik Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Polşa üçün də maraq kəsb etdiyini qeyd etdi və Azərbaycandan olan tərəfmüqabilləri ilə əməkdaşlığa hazırlığını ifadə edib.

    Görüşdə SOCAR-ın Polşanın ORLEN və LOTOS şirkətləri ilə əməkdaşlığı, “Sarmatiya Beynəlxalq Boru Kəməri Müəssisəsi” çərçivəsində SOCAR-la Polşanın "Pşiyazn” şirkəti ilə əlaqələri məmnuniyyətlə qeyd olunub. Həmçinin Polşanın “Novol” şirkətinin və 20-dən artıq digər şirkətinin ölkəmizdə ticarət, sənaye, nəqliyyat, xidmət, tikinti, sığorta, bankçılıq və sair sahələrdə uğurlu fəaliyyəti vurğulanıb. Azərbaycan şirkətlərinin də daha fəal şəkildə Polşa iqtisadiyyatında təmsil olunması üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi