Elmar Məmmədyarov Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədrini qəbul edib

Elmar Məmmədyarov Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədrini qəbul edib Nuzhat Sadiq Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətini təqdirəlayiq sayıb
Xarici siyasət
3 Sentyabr , 2015 18:33
Elmar Məmmədyarov Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədrini qəbul edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Nuzhat Sadiqi qəbul edib

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 1-3-də Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclasında iştirak çərçivəsində Bakıya səfər edən Nuzhat Sadiqi tədbirin yüksək səviyyədə təşkil edildiyini və faydalı müzakirələr aparıldığını nəzərə çatdırıb.

O, Azərbaycanın dinamik inkişafı və əldə etdiyi nailiyyətlərinə Pakistan xalqının səmimi qəlbdən sevindiyini qeyd edib.

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Pakistandakı humanitar məsələlərə diqqət və qayğısının, o cümlədən Pakistanda baş vermiş zəlzələ və sel daşqını kimi təbii fəlakətlər zamanı qardaş Azərbaycan xalqının göstərdiyi humanitar yardımın yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanla Pakistan arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi zərurətini diqqətə çəkib.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığı qeyd edən nazir beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq, Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına qarşı birmənalı mövqeyinin və münaqişənin həlli prosesində Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyinin yüksək dəyərləndirildiyini vurğulayıb.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələrin iki ölkə arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət etdiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi