Elmar Məmmədyarov Lixtenşteyn knyazlığı parlamentinin sədrini qəbul edib

Elmar Məmmədyarov Lixtenşteyn knyazlığı parlamentinin sədrini qəbul edib XİN rəhbəri bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb
Xarici siyasət
29 İyun , 2015 18:24
Elmar Məmmədyarov Lixtenşteyn knyazlığı parlamentinin sədrini qəbul edib

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Lixtenşteyn knyazlığının parlamentinin sədri Albert Frik ilə görüşüb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək, Azərbaycan ilə Lixtenşteyn arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli zəminin olduğunu nəzərə çatdırıb.

Albert Frik birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkilinə və möhtəşəm açılış və bağlanış mərasimlərinə görə Azərbaycanı təbrik edib. O, Azərbaycanda dinamik inkişafın, sabitliyin və qonaqpərvərliyin şahidi olduğunu nəzərə çatdırıb.

E.Məmmədyarov ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə hər bir Azərbaycan vətəndaşının qürur hissi duyduğunu qeyd edərək, Avropa Oyunları standartlarının Azərbaycanda müəyyən olunduğunu deyib.

Azərbaycanın enerji siyasəti və nəqliyyat, turizm, kənd-təsərrüfatı kimi qeyri-neft sektorlarının inkişafı barədə məlumat verən azərbaycanlı nazir iki ölkənin işgüzar dairələri arasında biznes forumlarının keçirilməsi və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə haqqında məlumat da verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi