Elmar Məmmədyarov Litvanın xarici işlər naziri Linas Linkeviçius ilə görüşüb

Elmar Məmmədyarov Litvanın xarici işlər naziri Linas Linkeviçius ilə görüşüb Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli, regional enerji və nəqliyyat layihələrini müzakirə ediblər
Xarici siyasət
24 Aprel , 2017 19:00
Elmar Məmmədyarov Litvanın xarici işlər naziri Linas Linkeviçius ilə görüşüb

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Litvanın xarici işlər naziri Linas Linkeviçius ilə görüşüb.

"Report"a XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gündəlikdə duran məsələlər müzakirə olunub, iki ölkə arasında münasibətlərin pozitiv inkişafı və ticarət dövriyyəsinin artması təqdir edilib. Tərəflər 1918-ci ildə Azərbaycan Demokratik Respublikası ilə Litva arasında diplomatik münasibətlərin qurulması, Litvanın ADR-də konsulluğunun fəaliyyət göstərməsi və gələn il iki ölkə arasında diplomatik əlaqələrin 100 illiyinin qeyd olunması məmnuniyyətlə vurğulayıblar.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlar barədə həmkarına məlumat verib.

Linas Linkeviçius deyib ki, Litva sözügedən saziş layihəsi üzrə aparılan danışıqları və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir. O, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinniq layihələrinin əhəmiyyətinə toxunaraq, Litvanın Azərbaycan üçün maraq kəsb edən layihələr davam etdirməyə hazır olduğunu söyləyib.

Görüşdə Azərbaycan ilə Litva arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunulub və Hökumətlərarası birgə Komissiyanın fəaliyyətinə nəzər salınıb. Tərəflər, həmçinin, iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın qurulduğunu bildiriblər. Məlumat verilib ki, hazırda Litva universitetlərində 200-dən artıq Azərbaycanlı tələbə təhsil alır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Nazirlər regional enerji və nəqliyyat layihələrini müzakirə ediblər. E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şimal-Cənub və TAP layihəsi barədə danışıb. Azərbaycanlı nazir Cənub Qaz Dəhlizinin vacib komponentləri olan TANAP/TAP layihələrinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyini deyib. Şimal-Cənub layihəsinin Hind okeanı hövzəsi ilə Baltik dənizi arasında dəmir yol xətti ilə uzlaşma yaratmaq potensialına malik olduğunu deyən nazir Elmar Məmmədyarov bu xüsusda Azərbaycan və Litvanın dəmir yol qurumlarının əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirib.

Görüşün sonunda nazirlər birgə mətbuat konfransı keçirdilər və kütləvi informasiya nümayəndələrinin suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi