Elmar Məmmədyarov Latviya prezidenti Andris Berzinş ilə görüşüb

Elmar Məmmədyarov Latviya prezidenti Andris Berzinş ilə görüşüb Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Latviyanın dövlət başçısına çatdırıb
Xarici siyasət
15 Aprel , 2015 14:14
Elmar Məmmədyarov Latviya prezidenti Andris Berzinş ilə görüşüb

Bakı. 15 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Andris Berzinş ilə görüşüb. XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Latviyanın dövlət başçısına çatdırıb.

Latviya prezidenti ən xoş arzuları və salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu vurğulanıb. 

E.Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik edib və sədrlik müddətinin uğurla başa çatdırılacağına əminliyini ifadə edib.

Prezident Andris Berzinş Şərq Tərəfdaşlığı çərçivəsində mayın 21-22-də Riqada keçiriləcək zirvə toplantısında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə edib. O, enerji sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında olan əlaqələri yüksək qiymətləndirdi.

Elmar Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu qeyd edərək, bunun digər sahələrə də sirayət etməsinin vacibliyini bildirib. O, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın inkişafında TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən Elmar Məmmədyarov münaqişə ilə əlaqədar Latviyanın mövqeyinin iki ölkə arasında imzalanmış sənədlərdə təsbit olunduğunu vurğulayıb.

Elmar Məmmədyarov iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında Latviya nümayəndə heyəti və idmançılarının iştirakının məmnuniyyətlə gözlənildiyini qeyd edib.

Prezident Andris Berzinş birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib və latviyalı atletlərin də bu oyunlarda iştirak edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi