Elmar Məmmədyarov Laos prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Laos prezidenti ilə görüşüb Laos prezidenti iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün XİN səviyyəsində qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini qeyd edib
Xarici siyasət
15 Sentyabr , 2017 13:34
Elmar Məmmədyarov Laos prezidenti ilə görüşüb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Milli Assambleyasının sədr müavini Bouttanavong Bounpone ilə görüşüb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Milli Assambleyanın sədr müavini Bouttanavong Bounpone Azərbaycan nümayəndə heyətini səmimiyyətlə qarşılayıb və bu səfərin ölkələrimiz arasında dostluğun inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini deyən nazir Elmar Məmmədyarov cari il iyunun 18-20-də Laoslu həmkarının Azərbaycana rəsmi səfərini xoş təəssüratlarla xatırladaraq Laosa ilk rəsmi səfərindən məmnunluq hissi keçirdiyini bildirib.

Nazir Elmar Məmmədyarov parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğunu qeyd edərək qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviq edilməsinə diqqəti çəkib.

Görüşdə tərəflər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, 2000-dən artıq laoslu Azərbaycanda təhsil alıb və onlar müxtəlif sahələrdə Laosun inkişafında yaxından iştirak edirlər.

Elmar Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verərək diqqəti Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, münaqişənin həll edilməsi istiqamətində aparılan danışıqlara çəkib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndiriməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikri mübadiləsi aparılıb.

Laos prezidenti Bounhanq Voraçit Azərbaycan Prezidentinin səmimi salamlarına görə təşəkkür edib, onun da salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Bounhanq Voraçit iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Azərbaycan və Laos arasında ənənəvi dostluğa toxunan Bounhanq Voraçit çoxsaylı Laos tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək laoslu mütəxəssislərin yetişdirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Elmar Məmmədyarov bu ilin iyununda laoslu həmkarının Azərbaycana ilk rəsmi səfərini xatırladaraq Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Bu xüsusda, Elmar Məmmədyarov laoslu həmkarı Salimsay Kommasit Azərbaycanda rəsmi səfərdə olarkən “Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş” in imzalandığını, bu səfərdə isə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandumun imzalanacağını diqqətə çatdırıb.

Təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Azərbaycanın bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edərək, ölkəmizin ali təhsil müəssisələri, o cümlədən ADA Universitetinin artan imkanları barədə məlumat verib.

Elmar Məmmədyarov Azərbaycanın inkişafı və əldə etdiyi nailiyyətlər haqqında məlumat verərək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışıb və Laosun da öz məhsullarının ixracı üçün bu dəhlizdən istifadə edə biləcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin kənd təsərrüfatı, enerji, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi