Elmar Məmmədyarov Kosta Rikanın prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Kosta Rikanın prezidenti ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
3 İyun , 2017 00:11
Elmar Məmmədyarov Kosta Rikanın prezidenti ilə görüşüb

Bakı. 3 iyun. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Luis Gilyermo Solis tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını prezident Luis Gilyermo Solisə çatdırıb, öz növbəsində Luis Gilyermo Solis salam və ən xoş arzularının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Elmar Məmmədyarov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, xüsusilə son dövrlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı baxımından əlamətdar olduğunu bildirib və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlər mübadiləsinin xüsusi önəm daşıdığını vurğulayıb.

Azərbaycanda son illər iqtisadi, sosial və maliyyə sahəsində həyata keçirilmiş islahatlar, əlverişli biznes mühiti barəsində prezident Luis Gilyermo Solisi məlumatlandıran E.Məmmədyarov iqtisadi-ticarət, turizm, enerji, logistika, gəmiqayırma sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayıb. O, həmçinin Kosta Rikanın “ASAN viza” sistemində daxil edilməsinin Kosta Rikadan ölkəmizə turist axınına təkan verəcəyinə ümidvar olduğunu deyib.

Azərbaycanın uğurlu inkişaf strategiyasının təqdirəlayiq hal olduğunu deyən prezident Luis Gilyermo Solis ölkəsinin Azərbaycanla müxtəlif əməkdaşlıq sahələrində münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi