Elmar Məmmədyarov İsveçin XİN rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov İsveçin XİN rəhbəri ilə görüşüb Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
6 Noyabr , 2017 22:06
Elmar Məmmədyarov İsveçin XİN rəhbəri ilə görüşüb

Bakı. 6 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlərə nəzər salınıb və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. 

Bu il Azərbaycanla İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi məmnuniyyətlə vurğulanıb.

Görüşdə Azərbaycan və İsveç arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib və bu xüsusda İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir olunub, qarşılıqlı sərmayələrin artırılmasının vacibliyinə toxunulub. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu qeyd ediblər.

Nazirlər Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş üzrə aparılan danışıqların hazırkı səviyyəsi ətrafında fikir mübadiləsi aparıblar və bu sazişin Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hərtərəfli inkişafına töhfə verəcəyinə inamlarını ifadə ediblər. Tərəflər Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə keçiriləcək Brüssel sammitinə toxunublar və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov həmçinin, ölkəmizin Avropa İttifaqının üzv ölkələri ilə qarşılıqlı hörmət və anlayışa əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib və 10-a yaxın Aİ üzvü olan ölkə ilə ayrı-ayrılıqda strateji tərəfdaşlığa dair sazişin imzalandığına dair məlumat verib.

Nazir Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verib və xüsusilə, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub dəmir-yol xəttindən İsveçin də faydalana biləcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinin qəbuledilməz olduğunu deyib. İsveçin də ATƏT-in Minsk Qrupunun üzvlərindən biri olduğunu deyən Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həllivə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün bütün Minsk Qrupu üzvlərinin töhfəsinin vacib olduğunu vurğulayıb. O, Avropa İttifaqının Qlobal təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə qeyri-seçimli əsasda, vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi