Elmar Məmmədyarov: "İslam dünyasının ağrılı məsələlərindən biri Rohinca müsəlmanlarının vəziyyətidir"

Elmar Məmmədyarov: "İslam dünyasının ağrılı məsələlərindən biri Rohinca müsəlmanlarının vəziyyətidir" Bakı. 5 may. REPORT.AZ/ İslam dünyasının ağrılı məsələlərindən biri dünyada ən böyük qaçqın böhranı olan Rohinca müsəlmanlarının vəziyyətidir. 2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinca müsəlmanlarına 100 ton humanitar yardım ayırmış ilk ölkələrdən biridir və biz ehtiyacı olanlara yardım göstərməkdə davam edəcəyik.
Xarici siyasət
5 May , 2018 15:45
Elmar Məmmədyarov: İslam dünyasının ağrılı məsələlərindən biri Rohinca müsəlmanlarının vəziyyətidir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elshan Baba

Bakı. 5 may. REPORT.AZ/ "İslam dünyasının ağrılı məsələlərindən biri dünyada ən böyük qaçqın böhranı olan Rohinca müsəlmanlarının vəziyyətidir. 2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinca müsəlmanlarına 100 ton humanitar yardım ayırmış ilk ölkələrdən biridir və biz ehtiyacı olanlara yardım göstərməkdə davam edəcəyik". 

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dəkkə şəhərində keşirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan bir sıra İƏT-ə üzv dövlətlərində daha böyük təhlükəsizlik problemlərinə, bəzi regionlarda siyasi qeyri-sabitliyə, geniş miqyaslı deportasiya və misli görünməmiş humanitar böhrana səbəb olan müharibələr və silahlı münaqişələrdən dərin narahatlıq keçirir: "Azərbaycan, xüsusilə Fələstin, Cəmmu və Kəşmir və Avropada müsəlman azlıqları üzrə İƏT Kontakt qrupları olmaqla, digər İƏT-ə üzv ölkələri ilə birlikdə üzv olduğu Kontakt qruplarının fəaliyyətini intensivləşdirmək üçün səylərini davam etdirəcək.

İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalar bizim dərin narahatlığımıza səbəb olur. Biz, üzv dövlətlər və İƏT bu qarşıdurmaları dayandırmaq üçün mümkün qədər səy göstərməliyik. Əvvəllər olduğu kimi, Azərbaycan bu məsələyə öz töhfəsini verməyə hazır olduğunu bəyan edir və biz Fələstin məsələsinin ədalətli və davamlı həlli üçün həmrəyliyimizi və davamlı dəstəyimizi təsdiqləyirik. Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

2017-ci ilin 20-21 iyul tarixlərində Azərbaycan BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının İcrası üzrə Komitəsi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “Qüds Məsələsi üzrə Beynəlxalq Konfrans”a ev sahibliyi edib. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikede Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılıb".


Son xəbərlər

Orphus sistemi