Yuxarı
    Bağlamaq

    XİN başçısı: "Ermənistanın təcavüzünə məruz qalan Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür"

    Elmar Məmmədyarov: Biz qeyri-müsəlman ölkələrində müsəlman qardaş və bacılarımızın hüquqlarını qorumalıyıq

    Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxış edib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov deyib ki, İslam mədəniyyəti və mənəvi dəyərlərini daimi əsasda bütün dünyada təşviq edən və İslam ümməti ilə güclü həmrəyliyini ifadə edən ölkə kimi Azərbaycan İƏT-in fəal siyasətinin inkişaf etdirilməsində maraqlıdır və qardaş İslam ölkələri ilə münasibətlərini daha da gücləndirməyi hədəf seçib.

    XİN başçısı Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin ölkədə İslam Həmrəyliyi İli elan olunması ilə bağlı sərəncam imzaladığını xatırladıb: "Bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi bizim hamımız üçün ciddi narahatlıq yaratmaqda davam edir. Bu, İslam həmrəyliyi üçün öhdəliyimizi yenidən təsdiq etməyin və ehtiyacı olanlara dəstəyi artırmağın zəruriliyini göstərir. Biz üzv ölkələrimizin ədalətli mövqeyinin müdafiə olunmasında qətiyyət göstərməkdə davam etməli və qeyri-müsəlman ölkələrində müsəlman qardaş və bacılarımızın hüquqlarını qorumalıyıq.

    Çox təəssüf ki, Rohinqyada vəziyyət İslam ümməti üçün ciddi narahatlıq yaratmaqda davam edir və İƏT üzv dövlətlərindən vahid mövqe tələb edir. Biz Rakhine ştatında minlərlə müsəlmanı öz yurdlarından didərgin düşməyə məcbur edən ciddi zorakılığa və humanitar böhrana biganə qalmalı deyilik".

    E.Məmmədyarov qeyd edib ki, Ermənistan Respublikası tərəfindən Azərbaycanın bir hissəsinin bədnam işğalı və etnik təmizləmə faktları ilə müşayiət olunan hərbi təcavüzünün nəticəsi olaraq, uzun müddətdir ki qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür: "Buna görə biz Rohinqyanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi, onların evlərinin və dini ibadət yerlərinin dağıdılması kimi repressiya hərəkətlərini kəskin şəkildə pisləyir və Myanma rəhbərliyini bu humanitar böhranı aradan qaldırmağa və Myanmanın müsəlman əhali yaşayan hissəsində ləyaqət və sabitliyi bərpa etməyə çağırırıq".

    Azərbaycanın XİN başçısı deyib ki, Sivilizasiyalar Alyansının təşəbbüskarlarından biri kimi, Türkiyə Respublikasının dinlər və icmalararası dialoqun təşviq edilməsi məqsədilə buddist və müsəlman icmaları arasında görüşün keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəkləyir: "Mən inanıram ki, bu yanaşma mühüm əhəmiyyətə malikdir və davam etdirilməlidir. Çünki bu qarşılıqlı anlaşmanın təşviqi üçün möhkəm əsas yaradaraq daha da artıq dərəcədə müəyyənliyin yaranmasına gətirib çıxarır.

    İnanıram ki, İƏT Kontakt Qrupunun səyləri Myanma hökuməti və Rakhine ştatında yaşayan müsəlman icması arasında sülhün bərpa edilməsi, onların təhlükəsizliyinin qorunması və onların fundamental hüquqlarının təmin olunması ilə nəticələnəcəkdir".

    E.Məmmədyarov vurğulayıb ki, İsrail-Fələstin münaqişəsi ağrılı məsələdir: "Mən qardaş Fələstin xalqına sülh və sabitlik əldə etmək və müstəqil dövlət yaratmaq uğrunda mübarizəsində Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan İsrail-Fələstin münaqişəsinin bu müqəddəs torpaqda çoxdan gözlənilən, hərtərəfli, uzunmüddətli və ədalətli sülh, təhlükəsizlik və davamlı inkişafın əldə olunmasının yeganə təminatı olan iki dövlət əsasında həllini dəstəkləyir. Biz İƏT tərəfindən Fələstin xalqını dəstəkləmək və Fələstin məsələsinə xidmət etmək üçün görülən işləri təqdir edirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi