Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional direktoru ilə görüşüb

Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional direktoru ilə görüşüb Görüşdə Azərbaycan və BMT-nin QAK arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
31 Yanvar , 2017 19:14
Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional direktoru ilə görüşüb

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional direktoru Vinsent Koçeteli qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın və təşkilatla ölkəmizin əməkdaşlığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir həmsöhbətə Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Azərbaycan Prezidentinin sərəncamı ilə aparılan minadan təmizləmə və tikinti işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Vinsent Koçeteli BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, Azərbaycanda QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qaydasına dəyişikliklərin edilməsini müsbət hal kimi qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.