Elmar Məmmədyarov: "Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bütün üzv ölkələrlə effektiv işləyəcək"

Elmar Məmmədyarov: "Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bütün üzv ölkələrlə effektiv işləyəcək" Bakıda Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin konfransı başa çatıb
Xarici siyasət
6 aprel 2018 13:24
Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bütün üzv ölkələrlə effektiv işləyəcək
Report/ Elchin Murad

Bakı. 6 aprel. REPORT.AZ/ "Azərbaycan sədr kimi BMT sisteminə əsaslanaraq, onun bütün prinsiplərinə hörmətlə yanaşaraq Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əlaqələri dəstəkləyəcək".

"Report" xəbər verir ki, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransının bağlanış mərasimində konfransın sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Bu iki gün ərzində biz Qoşulmama Hərəkatını maraqlandıran və birgə narahatlıq doğuran mövcud, yeni və meydana çıxmaqda olan məsələləri müzakirə etdik. Biz sürətlə inkişaf edən qlobal vəziyyətlərin yaratdığı böhranın, təhdidlərin və çağırışların dövlətlərin daha çox iqtisadi inkişaf və sosial tərəqqi, sülh və təhlükəsizlik, insan hüquqlarının və qanunun aliliyindən istifadə etməsinə nail olmaq səylərinə əngəl yaratmaqda davam etdiyini bir daha təsdiqlədik. Biz regional və sub-regional siyasi məsələləri, həmçinin Qoşulmama Hərəkatı ölkələrinin inkişafı, sosial və insan hüquqları məsələlərini müzakirə etdik və müvafiq olaraq Hərəkatın prinsipial mövqelərini vurğuladıq. Biz bir daha təsdiq etdik ki, beynəlxalq münasibətlərin subyektlərinin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd yanaşması ciddi narahatlığa və qınağa səbəb olan məsələdir", - XİN başçısı qeyd edib.

E.Məmmədyarov bildirib ki, hamı üçün sülh və təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişaf və sosial tərəqqinin, insan hüquqlarının qorunması və təbliği üçün beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalmağın vacibliyi vurğulanıb: "Hərəkata daha çox birlik və ardıcıllıq gətirmək məqsədini rəhbər tutan üzv ölkələrin səy və fəaliyyətlərini gücləndirməsi təşkilatı müxtəlif qlobal məsələlərdə ümumi maraqların təşviq edilməsində, həmçinin inkişaf etməkdə olan ölkələr arasında daha çox qarşılıqlı əlaqələrin yaradılmasında güclü, vahid və dayanıqlı edəcək. Biz əminik ki, Bakı Nazirlər Konfransının qlobal və regional məsələlər, eləcə də inkişaf, sosial və insan hüquqları məsələləri ilə bağlı yekun sənədinin maddələri beynəlxalq təhlükəsizliyə, regional və beynəlxalq əməkdaşlığın stimullaşdırılmasına və Cənub-Cənub istiqamətində iqtisadi inteqrasiyada praktik addımların atılmasına töhfə verəcək. Burada keçirilən görüşümüz və Nazirlər konfransının yekununda qəbul etdiyimiz Yekun Sənəd Qoşulmama Hərəkatının prinsip və məqsədlərini qəti şəkildə dəstəkləyir".

"Qoşulmama Hərəkatının növbəti sədri kimi, Azərbaycan sizin dəyərli dəstəyinizi nəzərə alır və BMT daxilində təşkilatın əsasını təşkil edən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək istiqamətində qurumun işinin gücləndirilməsi naminə sizlərlə birlikdə çalışmaq niyyətindədir. Azərbaycan dünyada beynəlxalq sülh və təhlükəsizlik səviyyəsini artırmaq üçün çox şey edə biləcəyinə əmin olduğumuz Qoşulmama Hərəkatının prinsip və məqsədlərini dəstəkləmək üçün siyasi məsləhətləşmələrin və praktiki əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində təşkilat çərçivəsində fəal əməkdaşlığa davam edəcək. Bu xüsusda, biz əminik ki, bizim gücləndirilmiş həmrəyliyimiz 18-ci Qoşulmama Hərəkatı Nazirlər Konfransında qəbul edilmiş yekun sənəddə də bir daha təsdiqləndiyi kimi təşkilatın sülh, sabitlik, inkişaf və tərəqqiyə nail olmaq kimi birgə istəyini birləşdirəcək", - nazir vurğulayıb.

XİN başçısı qeyd edib ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək ölkə kimi təşkilatın bütün üzv ölkələri ilə effektiv işləmək və bununla da dünyada təhlükəsizliyinin inkişafına töhfə vermək niyyətindədir.

E.Məmmədyarov xatırladıb ki, 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının XVIII sammiti keçiriləcək.

Son xəbərlər

Orphus sistemi