Elman Abdullayev etimadnaməsini BMT-nin Nayrobidəki bölməsinin baş direktoruna təqdim edib

Elman Abdullayev etimadnaməsini BMT-nin Nayrobidəki bölməsinin baş direktoruna təqdim edib Səfir Azərbaycanın BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib
Xarici siyasət
23 Avqust , 2016 12:45
Elman Abdullayev etimadnaməsini BMT-nin Nayrobidəki bölməsinin baş direktoruna təqdim edib

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru Sahle-Vork Zevdeyə təqdim edib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə E.Abdullayev rəsmi Bakının BMT ilə bir çox sahələrdə mövcud olan sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. O, həmçinin bir sıra vacib sahələrdə, xüsusilə qadın hüquqları, multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb. 

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə tanıdığını vurğulayaraq, qurumun Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edib və BMT-nin bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə əmin olduğunu həmsöhbətin diqqətinə çatdırıb.

Söhbət zamanı, Azərbaycan səfirliyinin ilk dəfə olaraq, BMT-nin Nayrobi şəhərindəki bölməsində akkreditasiya olunmasından sonra rəsmi Bakının mənzil-qərargahları Nayrobi şəhərində yerləşən BMT-nin Ətraf Mühit (UNEP) və Məskunlaşma (UN-HABITAT) Proqramları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ardıcıl səylərin həyata keçiriləcəyi qeyd edilib.

Baş direktor Sahle-Vork Zevde Azərbaycanla BMT-nin Nayrobi şəhərindəki bölməsi arasında əlaqələrin inkişafı üçün əməkdaşlıq etməyə hazır olduğunu qeyd edərək, rəsmi Bakının dünyada sülhün dəstəklənməsində, multikulturalizmin təşviqində və qadın hüquqlarının müdafiəsində oynadığı rolunu və zəngin təcrübəsini yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi