Yuxarı
    Bağlamaq

    Əli Həsənov: “İslamafoblar müsəlman ölkəsi kimi Azərbaycanın inkişafını həzm edə bilmir” - VİDEO

    “Azərbaycan kiçik ölkə olsa da onun da öz maraqları var”

    “Azərbaycan kiçik ölkə olsa da onun da öz maraqları var”

    Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS TV-də “Hesabat” verilişinin qonağı olub. “Report” həmin müsahibəni təqdim edir:

    - Əli müəllim son zamanlar apardığım müşahidələr göstərir ki, Azərbaycanın yeni bir mötəbər tədbir ərəfəsində müəyyən mənada basqılarla üzləşdiyini və bu basqıların müxtəlif səviyyələrdə baş verdiyini cəsarətlə demək olar. Təbii ki, bu basqıların qabağına biz cəsarətlə çıxırıq. Amma burada təzə olan nədir? Axı, həmişə Azərbaycan bu basqılarla üzləşib. Birdən-birə nə daha çox bir dövlət olaraq narahat etməyə başlayıb?

    - Bəzi beynəlxalq dairələr tərəfindən - 2012-ci ildə ölkəmizdə keçirilən ”Evrovison” musiqi yarışmasında da bunu hiss etdik. Azərbaycan tipli modern inkişaf etmiş, dünyada cəlbedicilik faktoruna çevrilmiş dövlətlərin özünü təqdim etməsini nədənsə, həzm edə bilmirlər. Azərbaycan bu kimi tədbirlərdə özünü, mədəniyyətini, xalqının adət-ənənələrini, keçdiyi yolu, tarixini, bir sözlə sivil dünyanın dövlətin dəyərləndirməsində istifadə elədiyi digər dəyərlərini dünyaya təqdim edir. Və müvafiq olaraq, əlbəttə əgər Azərbaycan bu gün İsveçrə, Norveç, Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir sırada durur və bu cür səviyyəli tədbirləri keçirirsə və bu tədbirlərin ən yüksək standartını ortaya qoyursa, o zaman anti-müsəlman siyasəti, ovqatı, hansı ki, bu gün Avropada, Qərbdə hökm sürür bunu nə ilə əsaslandırsınlar. Deməli, müsəlmanlar da inkişaf edə bilərmiş, Azərbaycan kimi. Müsəlmanlar da dünya sivilizasiyasına, dünya mədəniyyət xəzinəsinə töhfələr, dəyərlər verə bilərmiş. Belə anda biz beynəlxalq islamafob qüvvələrlə üz-üzə gəlirik. Yəni anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil, səbəb beynəlxalq islamafob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır – İraqda, Suriyada. Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır. Birinci səbəb budur.

    - Belə çıxır ki, böyük güclər özlərinin Azərbaycan üçün, müsəlmanlar üçün hazırladığı portretin Azərbaycan tərəfindən pozulmasını qəbul edə bilmirlər.

    - Tamamilə doğrudur, biz ümumi portreti pozuruq. Və müsəlman dünyasında da tolerant bir cəmiyyət formalaşa, nümunəvi “Evrovison” musiqi yarışması keçirə, “Evrovison” musiqi yarışmasının qalibi ola, Olimpiya səviyyəli Avropa Oyunlarına ev sahibliyi edə, ümumdaxili məhsulu illik 8-10 faiz arta, sivil birgə yaşayış normaları cəmiyyətdə hökm sürə bilərmiş. Müsəlman dünyasında demokratiya, insan hüquqları vətəndaş azadlıqlarının vəziyyəti eyni ilə Avropadakı kimi ola bilərmiş. Məhz mövcud reallıq onların müsəlman dünyasına aid etdiyi trafareti pozur. Və bu nöqtədən bizim onlarla ilk qarşıdurmamız bu fonda yaranır. Başqa səbəblər də var. Erməni lobbisi bunun arxasında dayanır. Erməni lobbisi istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü rəyi formalaşdırmağa çalışmışlar və dava edirlər. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa, Qərb, bunların sırasında hüquq müdafiə, mətbuatla, insan hüquqları vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar və s. onlar da erməni lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökümətlərarası təşkilatlar, məsələn Avropa Parlamenti də və digər beynəlxalq qurumlar da, "Evrovison" musiqi yarışması ərafəsində də bizə qarşı müəyyən qədər öz tezislərini sırımağa çalışdılar. Eyni zamanda da Ramil Səfərovun azadlığa buraxılıb Azərbaycana gətirilməsi və onun haqqının bərpa olunması məsləsində də bizə problem yaratmağa çalışdılar. Dəfələrlə bu insanlar Azərbaycanı sivil bir dünyanın tərkib hissəsi, inkişaf etmiş bir dövlət kimi təqdim etməkdən imtina edərək ona qarşı belə kampaniyalar aparırlar. Özü də kampaniyaları o zaman aparırlar ki, bizim yürütdüyümüz siyasət, gördüyümüz işlər artıq öz effektini verməyə başlayıb. Sivil dünya Azərbaycanın haqları haqqında danışmağa başlayıb. Necə oldu ki, bu ölkənin ərazisini Ermənistan işğal etdi. Nəyə görə BMT-nin dörd qətnaməsi bu ölkə ilə bağlı neçə illərdir ki,həyata keçirilmir? Nəyə görə bu ölkəni hər tərəfdən mühasirəyə almaq istəyirlər? Bunlar nədən qaynaqlanır? Onlar Azərbaycana gəlib görürlər ki, tolerant cəmiyyəti dünyanın bütün bölgələri ilə müqayisədə daha yaxşıdır. Burda müsəlmanlar, xristianlar və müsəvilər bir arada dinc şəraitdə yaşayırlar. Burada insan hüquqları, vətəndaş hüquqları tam və dolğun bir şəkildə təmin olunur. Bunları gözü götürməyən dairələr əlbəttə, belə anlarda Azərbaycanı o dəyərlərini dünyaya nümayiş etdirmək imkanı qazananda o imkanı bağlamaq üçün belə kampaniyalara başlayırlar.

    - Bizim gəldiyimiz qənaət belədir ki, Azərbaycan eyni zamanda həm də onun acısını çəkir ki, birdən-birə mövcud dünya nizamını pozur, özünün mövcudluğuyla. Yəni artıq dünya dövlətləri öz yerlərini bilirlər, xəritədə müəyyən məsələləri həll ediblər və birdən Azərbaycan çıxır ortalığa bərabər hüquqlu, bərabər imkanlı bir dövlət kimi deyir, mən də varam. Mən də varam sözü kiminsə xoşuna gəlmir. Bax, bu da öz sözünü müəyyən mənada deyir. Siz bununla razısınız?

    - Azərbaycanın geiosiyasi, geoiqtisadi və hər geostrateji dəyəri çox yüksəkdir. Azərbaycan Cənubi Qafqazın o ölkəsidir ki, Qara dəniz hövzəsində Ukraynanın oynadığı rolu oynayır. Bu gün Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Cənubi Qafqazda öz geosiyasi, geoiqtisadi və hər geostrateji maraqlarını təmin etmək üçün də Azərbaycan uğrunda mübarizə gedir. Ona görə də Azərbaycanın hansı cəbhədə dayanacağı, hansı blokun yanında yer alacağı və hansı bloka qarşı istifadə ediləcəyi məsələsi beynəlxalq güclərin maraq çərçivəsindədir. Ermənistan və buna bənzər dövlətlərin geiosiyasi dəyəri o qədər aşağıdır ki, onların kimin yanında durması, necə dayanması, hansı şəkildə idarə olunması, dövlətin özünün müstəqil iradəsinin olub-olmaması dünya üçün o qədər də maraq kəsb etmir. Təsəvvür edin ki, dünyanın yeganə alternativ enerji mənbəyi hardadır? Azərbaycandadır. Eləcə də dünyanın yeganə alternativ nəqliyyat kommunikasiya xətlərinin başlandığı, bitdiyi və əlaqələndirici ölkəsi haradır? Azərbaycandır. Dünyanın hərbi geostrateji mövqeyində mövcud dəyişiklik edə biləcək, yəni Xəzərə NATO-nun çıxışını təmin edəcək ölkə hansıdır? Azərbaycan. Bu gün NATO qoşunlarının Əfqanıstana daşınan bütün hərbi dəhliz Azərbaycan üzərindən keçir. Azərbaycan günü sabah Xəzərin qapısını açıb NATO-nu ora buraxsa nə olacaq? Və yaxud da Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulub NATO-ya qarşı blokda yer alsa nə olacaq? Məhz bütün bunlar əlbəttə beynəlxalq dairələri çox düşündürür. Ona görə də Azərbaycan balanslı siyasət yürüdür. Siyasətin təməlində isə Azərbaycan xalqının maraqları durur. Biz beynəlxalq ailəmə başa salmağa çalışırıq ki, kiçik olmağımıza baxmayaraq bizim də Amerika, Rusiya, İran, Türkiyə və Avropa kimi öz maraqlarımız var. Bizm də millətin maraqlarının təmsil olunduğu yeganə yer Azərbaycan coğrafiyasıdır.

    Müsahibənin tam variantı ilə videoda tanış ola bilərsiniz:

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi