Yuxarı

Əli Həsənov: Ermənistan çağırışları heçə sayaraq qeyri-konstruktiv mövqeyini davam etdirir

Təmas xəttindəki son gərginliyin əsasında Ermənistan silahlı qüvvələrinin təxribatı dayanır

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı Türkiyənin "Anadolu" agentliyinin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycanın atəşi dayandırdığını diqqətə çatdıran Əli Həsənov ancaq Ermənistanın bu çağırışlara məhəl qoymadan hücumları davam etdirdiyini bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, təmas xəttindəki son gərginliyin əsasında Ermənistan silahlı qüvvələrinin təxribatı dayanır. Ermənistan silahlı qüvvələri həmişə olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin problemin həlli üçün atmaq istədiyi müsbət addımlara oxşar təxribatçı hücumlarla mane olmaq istəyirlər.

Əli Həsənov 2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın, 2015-də Rusiya Prezidenti Vladimir Putinin münaqişənin həlli üçün səylərini artırdıqlarını və həmin vaxtlarda da erməni silahlı qüvvələrinin cəbhə xəttində bənzər təxribatlar törətdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri, vitse-prezident Co Bayden, dövlət katibi Con Kerri ilə keçirdiyi görüşlərdən sonra yenidən təxribat xarakterli hücumlar həyata keçirdiyini bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib: “Ermənistan hərbi qüvvələri aprelin 2-də gecə saatlarından etibarən Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar – top və pulemyotlardan atəşə tutub, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilib. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib və onları geri oturdub. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb. Lakin Ermənistan atəşkəs çağırışlarına məhəl qoymur və ağır silahlarla Azərbaycanın mövqelərinə atəş açmağa davam edir. Azərbaycan ordusu sadəcə məcburən bu hücumlara qarşılıq verir”.

Prezidentin köməkçisi Azərbaycanın münaqişənin həlli ilə bağlı iradənin reallaşdırılması üçün üzərinə düşənləri yerinə yetirdiyini bildirib. Rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayan Əli Həsənov deyib: “Əgər həmsədr ölkələr ciddi səy göstərsələr məsələ həll oluna bilər. Ermənistan isə ATƏT-in Minsk qrupunun çağırışlarını heçə sayaraq qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi