“Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və hərəkata sədrliyin növbəti 3 ildə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq miqyasda yüksək fəallığının daha bir möhtəşəm nümunəsi oldu”.
“Report” xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, dünyanın 120-dən çox ölkəsini birləşdirən Qoşulmama Hərəkatı müasir beynəlxalq problemlərin intensiv şəkildə müzakirə olunduğu əhəmiyyətli diskussiya platformasıdır: “Qarabağ münaqişəsinin ədalətli prinsiplər əsasında həllinə dünya birliyinin diqqətinin cəlb edilməsində onun böyük rolu danılmazdır. Qoşulmama Hərəkatına sədrliyin növbəti 3 il ərzində Azərbaycana həvalə olunması ölkəmizin dünya miqyasında aktiv iştirakçıya çevrildiyini, bəşəriyyəti narahat edən qlobal problemlərin həllinə töhvə vermək niyyətini və imkanlarını isbata yetirir.