Bakı. 11 iyun. REPORT.AZ/ Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi
Əli Əhmədov qeyd edib ki, əgər doğrudan da Avropa Parlamenti ədalət meyarları əsasında kiminsə pozulmuş hüquqlarının müdafiəsinə qalxmaq istəyirsə, Azərbaycanda belə insanların sayı bir neçə deyil, bir milyondur: “Erməni təcavüzü nəticəsində evini, torpağını, işini, rahatlığını, sağlamlığını, bir sözlə bütün fundamental hüquqlarını itirmiş məcburi köçkünlər 25 ildir hüqüqlarının bərpasını gözləyir. Azərbaycanla əlaqədar qabardılmalı, təcili həll olunmalı, günahkarları axtarılmalı olan bir məsələ varsa, o da məcburi köçkünlərin hüquqlarının bərpa edilməsidir”.
YAP-ın sədr müavini bildirib ki, idman həmişə sülhün carçısı olub: “İnsanları, xalqları, dövlətləri yaxınlaşdırıb. Bakıda keçirilən ilk Avropa Oyunları da idmanın bu ənənəvi missiyasından kənarda qalmayıb. Görünür, Avropa Parlamentində heç bunu da istəmirlər. Qeyri-ixtiyari olaraq onlara xitabən demək istəyirsən: idmanı siyasətə qatıb gözdən salmayın”.
“Ukraynada baş verən faciələrin, tökülən qanların, dağılan talelərin qarşısını ala bildinizmi?! Bir il bundan əvvəl rahat, dinc, firəvan həyat yaşayan bir ölkə indi qan içindədir, parçalanmaq üzrədir. Nifaq salmaq, xalqları bir-birinə qarşı qaldırmaq, dağıtmaq, uçurmaq çox asandır. İnsanlar isə tam əksini arzulayırlar. İmkan verin, hər bir xalq öz taleyinə sahib olsun, rahat və firəvan yaşasın. Avropa İttifaqında həllini gözləyən kifayət qədər problemlər var və AP deputatları onları müzakirə etsə, Avropaya daha çox xidmət göstərmiş olarlar”, - Əli Əhmədov vurğulayıb.