"Ermənistan siyasi rəhbərliyi sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində məntiqsiz davranmamalıdır".
Bunu “Report”a ekspert və politoloq Zaur Məmmədov Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında noyabrın 26-da Soçidə keçirilən görüşün nəticələrini şərh edərək bildirib.
“Bu gün Azərbaycan ilə Rusiya arasındakı münasibətlər regiondakı proseslər baxımından çox mühümdür. Təsadüfi deyil ki, məhz rəsmi Bakı və Moskva son aylarda qarşılıqlı anlaşma nəticəsində hər iki tərəfə sərfəli olan geosiyasi gündəm yaradıb. Rusiya gözəl başa düşür ki, Azərbaycan olmasa, Qərbin himayəsi altında Gürcüstandan sonra Ermənistanda, daha sonra Şimali Qafqazda onların milli təhlükəsizliyini təhdid edəcək proseslər cərəyan edər. Məlum üçtərəfli bəyanatdan sonra ötən bir il ərzində deyirdik ki, Ermənistan həmin bəyanatın mühüm müddəalarını yerinə yetirməli, təcili surətdə sərhədlərin delimitasiyası və demarkasiyası işlərinə başlanmalı, həmçinin nəqliyyat və logistika yolları da açılmalıdır”, - o deyib.
Politoloq qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyasının Qarabağı Azərbaycanın bir hissəsi olduğunu təsdiqlədiyinə görə “dənizdən dənizədək böyük Ermənistan” xülyasını boş çıxaracağını gözəl anlayan Ermənistan noyabr bəyanatının yerinə yetirilməsinə əngəl törətməyə başladı.
Z.Məmmədov sərhədlərin delimitasiyası və demarkasiyası nəticəsində regiona sülh və sabitlik gətirəcəyini vurğulayıb.
Soçi Bəyanatının birmənalı olaraq Azərbaycanın manafeyinə uyğun olduğu qənaətində olan ekspert deyib: “Soçi üçtərəfli görüşündə Azərbaycan məqsədlərinə çatdı, Azərbaycanın milli mənafeyi də ön plana çıxdı. Üçtərəfli görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Prezident Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməyi lazım bilməyib. Bu da Qafqazdakı siyasi proseslərdə Azərbaycan ilə Rusiyanın əsas söz sahibi olduqlarını bir daha ortaya qoyur”.