​Ekspert: "Çanaqqala döyüşündə Türkiyə tərəfində 5 minə yaxın azərbaycanlı döyüşüb"

​Ekspert: "Çanaqqala döyüşündə Türkiyə tərəfində 5 minə yaxın azərbaycanlı döyüşüb" "Çanaqqaladakı qələbə Avropa dövlətləri və Qafqaz xalqları üçün böyük əhəmiyyət kəsb edib"
Xarici siyasət
23 Aprel , 2015 17:57
​Ekspert: Çanaqqala döyüşündə Türkiyə tərəfində 5 minə yaxın azərbaycanlı döyüşüb

Bakı. 23 aprel. REPORT.AZ/ "Dəqiq təşkil olunan müdafiə, həmçinin türk əsgərlərinin şücaəti və Vətən sevgisi Çanaqqala döyüşündə türk ordusunun qələbəsini təmin etdi". "Report" xəbər verir  ki, bu barədə tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Bakıda Çanaqqala döyüşündə Türkiyənin qələbəsinin 100 illiyinə həsr olunan dəyirmi masada bildirib. 

"Çanaqqaladakı qələbə Avropa dövlətləri və Qafqaz xalqları üçün böyük əhəmiyyət kəsb edib. Türkiyəyə qarşı savaşda iştirak edən ölkələrin - Almaniya, Fransa və çar Rusiyasının keçirdiyi hərbi əməliyyatların mahiyyəti İstanbulun fəth edilməsi idi. Bu, ölkəni iflic vəziyyətinə salacaq və tez bir zamanda onun üzərində qələbə əldə etməyə kömək edəcəkdi. Lakin gözlənilmədən Türkiyənin dəqiq müdafiə təşkil etməsi, çoxsaylı şəxsi heyəti və  türk əsgərlərinin Vətən sevgisi İstanbulun işğalına imkan vermədi", - R.Hüseynov qeyd edib. 

O, həmçinin vurğulayıb ki, bəzi məlumatlara görə, əməliyyatlarda Türkiyə tərəfində 5 minə yaxın azərbaycanlı iştirak edib. "Həmin zaman Qafqazdan Türkiyəyə vuruşmaq üçün çoxsaylı könüllülər gedib. Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı həlak olub", - R.Hüseynov vurğulayıb. 

Onun sözlərinə görə, Çanaqqala döyüşündəki qələbə Türkiyə ilə yanaşı, Azərbaycan xalqının da tarixinin bir parçasıdır. 

"Faktiki olaraq bu döyüşdə əldə olunan qələbə türk dövlətçiliyini xilas edib", - tarixçi deyib. O əlavə edib ki, qələbə sayəsində türklər öz demokratiyasını qura bilib, bu işdə Azərbaycan ziyalılarının da böyük əməyi olub. 

O vurğulayıb ki, türk demokratiya forması Şərqdə ilk demokratik respublika olan və 1918-ci ildə Azərbaycanda qurulan ADR-in yaradılması zamanı tətbiq olunub. 

Dəyirmi masa zamanı həmçinin politoloq Əli Hacızadənin "1915 - Osmanlı sənədi" adlı kitabının təqdimatı olub. 

Qondarma "erməni soyqırımı" mövzusuna toxunan Ə.Hacızadə vurğulayıb ki, yuxarıda qeyd olunan dövrdə ermənilər Fransa və Rusiyanın dəstəyi ilə Türkiyənin daxilində qiyam qaldırıb. "Erməni könüllü dəstələri yaradılıb. Onlar yerli sakinləri qətlə yetirib və qarət ediblər. Bunun nəticəsində Ənvər paşa Tələt paşaya teleqram yazıb və bildirib ki, bütün Van regionunu qiyamlar bürüyüb, jandarmeriya isə qiyamçılar tərəfindən məhv edilib. O, ermənilərin köçürülməsi üçün icazə istəyib", - politoloq vurğulayıb. 

Onun sözlərinə görə, heç bir türk sənədində Türkiyənin hər hansı bir rəsmi şəxsinin erməni əhalisinin öldürülməsi ilə bağlı dolayısı yolla da olsa, belə çağırışlar etməsinin sübutu yoxdur. 

Politoloq həmçinin qeyd edib ki, Tələt paşanın İrəvandakı Tsiserkanaberd "memorial" kompleksində nümayiş olunan guya erməniləri öldürməyə çağırdığı məktubu saxtadır və Qərb tarixçiləri bunu yaxşı bilirlər.  

Son xəbərlər

Orphus sistemi