Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılan danışıqlar nəticəsində atılan son addımlar iki ölkə arasında sülh sazişinə nail olmaq üçün imkanlar açıb.
Bunu "Report"a açıqlamasında pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan deyib.
Ekspertin fikrincə, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün diplomatik vasitələrdən istifadə etməklə bütün səylərini davam etdirir: “Rəsmi Bakı İrəvanla sülh razılaşması əldə etmək üçün regional zəmanətçilərlə və bu məsələdə maraqlı olan qlobal tərəflərlə koordinasiya edib. Qərbdən Ermənistana gələn siyasi siqnallar və təzyiqlər səbəbindən regional sülh, trans-regional əlaqələrin genişlənməsi, fasiləsiz enerji və ərzaq təchizatı təhlükə altına düşüb. Ermənistanla sülh sazişinin imzalanması Cənubi Qafqazda rifah və sabitlik üçün əla stimul ola bilər”.
O hesab edir ki, yaxın iki ay ərzində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin əldə olunması mümkündür.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.