Yuxarı

Əfqanıstanın səfiri: "Bakıda özümü evimdəki kimi hiss edirəm" - MÜSAHİBƏ

Məhəmməd Tağı Xəlili: Əfqan cəmiyyəti terrora qarşı müharibədə ön cəbhədə yer alıb

Bakı. 10 fevral. REPORT.AZ/ Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlilinin "Report"a müsahibəsi:

Əfqanıstanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? Ötən ilin dekabr ayında Əfqanıstan prezidenti Əşrəf Qaninin Bakıya rəsmi səfərindən sonra hansı müsbət nəticələri qeyd edə bilərsiniz?

- Biz yalnız hökumətlər arasında yox, həm də xalqlarımız arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli irəliləyişə nail olmuşuq. Tarix, adət-ənənələr, dil və din baxımından çoxlu ortaq cəhətimiz var. Əfqanıstan səfiri kimi, münasibətlərimizdə mühüm səviyyəyə çatmağımızla fəxr edirəm.

Siz Əşrəf Qaninin səfərini xatırlatdınız. Həqiqətən, onun səfəri Azərbaycan və Əfqanıstan arasındakı münasibətlərdə mühüm başlanğıc nöqtəsi oldu. Bu, diplomatik münasibətlərin qurulmasından bəri Əfqanıstan prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi və bu, mənim səfir kimi fəaliyyətim dövründə baş verib. Buna görə fəxr edirəm.

Bu səfər zamanı biz bir sıra anlaşma memorandumları imzaldıq və indi onların həyata keçirilməsi yönündə əməli addımlar atmağa başlamışıq. Azərbaycanlı dostlarımızla daha bir neçə vacib müqavilənin imzalanmasını gözləyirik. Azərbaycanda bir neçə nazirliklə əməkdaşlıq etməyə davam edirik. Məsələn, Dövlət Sərhəd Xidməti bizim yaxşı tərəfdaşımızdır, Fövqəladə Hallar Nazirliyi Əfqanıstana böyük köməkliklər edir. Yaxın keçmişdə bu qurum Əfqanıstanın daşqınından ziyan çəkmiş şimal bölgələrinə yardım göstərib. Göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarıq.

- İki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri varmı?

- Ölkələr arasında ticarət dövriyyəsinin yaxın illərdə artacağına ümid edirik. 2014-cü ilin birinci yarısında ticarət dövriyyəsi 116 milyon ABŞ dolları təşkil edib. 2015-ci ildə bu göstərici 155 milyon dollar olub. Bu səviyyəni artırmaq imkanları üzərində işləyirik. Prezident Əşrəf Qani burada olarkən 20-dən çox yerli şirkətin icraçı direktorları ilə görüşüb. Ölkəmizə Azərbaycan tərəfdən investisiya qoyulması baxımından praktik addımlar görməyə ümid edirik. Bəli, təhlükəsizliklə bağlı suallar var idi, amma prezidentimizin də dediyi kimi, biz xarici investisiyaları qorumaq üçün əlimizdən gələni edirik.

- Bu yaxınlarda Azərbaycan Əfqanıstana sülhməramlıların növbəti qrupunu göndərib. Ölkənizdə sülh və sabitliyin qorunmasında Azərbaycan sülhməramlılarının səylərini necə qiymətləndirirsiniz?

- Sizin agentlik vasitəsilə ISAF missiyası çərçivəsində Əfqanıstan hökuməti və xalqı ilə yan-yana dayanan azərbaycanlı əsgərləri salamlamaq istərdim. Hazırda 94 Azərbaycan əsgəri Əfqanıstandadır və hökumətimiz onların işini yüksək qiymətləndirir. Əfqan cəmiyyəti terrora qarşı müharibədə ön cəbhədə yer alıb. Buna görə də onlar təkcə Əfqanıstanın təhlükəsizliyi üçün deyil, həm də dünyanın təhlükəsizliyi üçün döyüşür.

- Əfqanıstanın bəzi regionlarında İŞİD terror qruplaşmasının narahatedici fəallığını görürük. Bu problemlə mübarizədə Əfqanıstana ISAF-a bənzər başqa missiya lazımdırmı? 

- Qeyd etdiyim kimi, Əfqanıstan bu problemlərlə ön cəbhədə mübarizə aparır və bu, qüvvələrin birləşməsini tələb edir. Əfqanıstanın taleyinin yalnız öz ixtiyarına buraxıldığı dövr olub, nəticələr necədir? Əminəm ki, indi dünya ölkələri və tərəfdaşlarımız bizi tək buraxmayacaq. Bu məsələdə İŞİD-ə qarşı birlikdə işləmək və əməkdaşlıq etmək lazımdır.

- Bəs energetika sahəsindəki əməkdaşlıq haqqında nə deyə bilərsiz?

- Prezident Əşrəf Qaninin bildirdiyi kimi, o, Əfqanıstanı regionun enerji qovşağına çevirmək üçün çalışır. Energetika Əfqanıstan üçün mühüm məsələdir. Azərbaycanın neft və qazla zəngin olduğunu nəzərə alsaq, o, Əfqanıstanın enerji təminatında böyük rol oynaya bilər.

- Dağlıq Qarabağ məsələsi ilə bağlı Əfqanıstanın mövqeyi necədir?

- Bu məsələdə bir tərəfdə işğalçını, digər tərəfdə isə öz hüquqlarını müdafiə edəni görürük. Əfqanıstan müxtəlif beynəlxalq platformalarda bu məsələdə Azərbaycanı dəstəkləyib. Azərbaycanı dəstəkləməyə davam edirik və biz bu ölkənin yanındayıq.

- 20 il əvvəl Bakıda təhsil almısınız. O dövrün Bakısı ilə indiki Bakını necə müqayisə edərdiniz? 

- Hesab edirəm ki, burada özümü rahat hiss etməyimin səbəbi 20 il əvvəl də Bakıda olmağımla bağlıdır. Başqa ölkədə işləyən zaman oranın tarix və mədəniyyət xüsusiyyətlərini bilmək lazımdır. Bunları yaxşı bildiyimdən burada özümü evdəki kimi hiss edirəm. Eyni zamanda indi Bakıya gələndə ölkə rəhbərliyinin Azərbaycanın inkişafı üçün nələr etdiyini gördüm.

- Bu gün Azərbaycanda neçə nəfər əfqan tələbə təhsil alır?

- Əvvəllər içi mən də qarışıq Azərbaycanda təhsil alanların sayı daha çox idi. Hazırda biz Təhsil Nazirliyi və digər müvafiq strukturlarla, o cümlədən də SOCAR ilə tələbələrimizn Bakı Ali Neft Məktəbində təhsil ala bilməsi üçün sıx əməkdaşlıq edirik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi