Bakı. 4 dekabr. REPORT.AZ/ Əfqanıstan üzrə növbəti "Asiyanın ürəyi" beynəlxalq konfransı 2017-ci ildə Azərbaycanda keçiriləcək, ölkə gələn il həmsədr olacaq.
"Report" xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani məlumat verib.
"İcazə verin ("İstanbul prosesi"nin) həmsədri olmağa və 2017-ci ildə növbəti nazirlər konfransını qəbul etməyə razılıq verdiyinə görə Azərbaycana səmimi minnətdarlığımı bildirim. Xüsusilə, başa çatmaqda olan "Lapis-Lazuli" nəqliyyat dəhlizi layihəsi fonunda reallaşdırılan infranstruktur layihələrini nəzərə alaraq, Azərbaycanın həmsədr olmaq qərarını vaxtında hesab etmək olar və bu, diqqətəlayiqdir", - deyə Hindistanın Amritsar şəhərində keçirilən "Asiyanın ürəyi" VI nazirlər konfransında Əfqanıstanın XİN rəhbəri bildirib.
"Lapis-Lazuli" layihəsi Türkmənistan, Azərbaycan və Gürcüstandan keçməklə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.