Bakı. 30 noyabr. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qaninin Azərbaycana səfəri başlayıb.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Ə.Qani dekabrın 1-də Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi çərçivəsində 7-ci Nazirlər Şurasında iştirak edəcək. O, həmçinin Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Prezidentin səfəri çərçivəsində Azərbaycan və Əfqanıstanın iqtisadiyyat və ticarət, investisiyaların müdafiəsi, hüquq-mühafizə orqanları sferasında və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq, təhsil və aviaxidmətlər sahəsində 5 sənəd imzalayacağı gözlənilir.
