Yuxarı

Efiopiyalı nazir Azərbaycan qadınları üçün yaradılan imkanları yüksək qiymətləndirib

Azərbaycanın səfiri Elman Abdullayev Efiopiyanın qadın, uşaq və gənclər məsələləri üzrə naziri xanım Zenebu Tadesse ilə görüşüb

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin qadın, uşaq və gənclər məsələləri üzrə naziri xanım Zenebu Tadesse ilə görüş keçirib.

Azərbaycanın Efiopiyadakı səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə səfir E.Abdullayev Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatındakı rolu barədə bəhs edərək, hələ 1918-ci ildə Şərqdə ilk dəfə qadına səsvermə hüququnun məhz Azərbaycanda verildiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb.

Dövlət tərəfindən Azərbaycan qadınlarına böyük diqqət və qayğının göstərildiyini qeyd edən E.Abdullayev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanınöz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırdığını, onun təşəbbüsü ilə qadının mədəniyyətlərarası dialoqda roluna həsr edilmiş tədbirlərin Azərbaycanda keçirildiyini bildirib.

Səfir 2016-cı il Afrika İttifaqı tərəfindən “Qadın Hüquqları ili” kimi qəbul olduğunu xatırladaraq, Azərbaycan və YUNESKO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsil səviyyəsinin artırılması məqsədilə “Gənc qızların təhsili” adı altında müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.

Nazir Z.Tadesse Azərbaycan qadınları üçün yaradılan imkanları yüksək qiymətləndirib. Azərbaycanın bu sahədə zəngin təcrübəsinin öyrənilməsi zəruriliyini qeyd edən nazir Z.Tadesse, tərəflər arasında səfərlər mübadiləsinin və hüquq-müqavilə bazasının yaradılması vacibliyini vurğulayıb. 

Daha sonra efiopiyalı nazir təhsilin gücləndirilməsi ilə bağlı bu cür layihələrə maraq göstərərək, Efiopiya tərəfinin bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi