Yuxarı

Nazirlər Kabinetinin sözçüsü: "Dünya multikultiralizm nümunəsini Azərbaycan modelində görəcək"

Biz heç kimi millətlərə, etnik qruplara, dini baxışına görə bölmürük

Bakı. 11 yanvar. REPORT.AZ/ "Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında imzaladağı sərəncam Azərbaycanın tarixi yaşam tərzindən doğan bir sənəddir".

Bunu "Report"a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist, filoloq alim Akif Əli bildirib.

O qeyd edib ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub. A.Əli bildirib ki, Azərbaycanda multikultural ənənələr tarixən mövcuddur: "Biz heç kimi millətlərə, etnik qruplara, dini baxışına görə bölmürük. Biz insanlara onların əxlaqına, mədəniyyətinə, mənəviyyatına, intellektinə uyğun olaraq qiymət veririk. Tarixən Azərbaycanda bu cür olub. Azərbaycan ərazisinə müxtəlif cərəyanlar, xalqlar gəlib gediblər, burada müxtəlif millətlərin, dinlərin nümayəndələri yaşamalı olublar. Onlar uzun əsrlər boyu, bir neçə min il ərzində Azərbaycanda tamamilə sülh, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

Hələ eramızdan əvvəl yəhudilər Azərbaycana köç edib və Azərbaycanda özlərinə ikinci doğma vətən tapıblar. Onlar artıq üçüncü min ildir ki, yerli əhali ilə xüsusi dostluq, əmin-amanlıq şəraitində yaşayırlar".

A.Əli deyib ki, Azərbaycan bütün bu göstəricilərə görə bəlkə də dünya üçün bir nümunəvi model ola bilər.

Hazırda dünyada dini dözümsüzlüyün, milli mənsubiyyətə görə izlənmə hallarının, iqçilik meyillərinin olduğunu xatırladan yazıçı Azərbaycanda əsrlər boyu bunların heç bir işartısının olmadığını vurğulayıb.

O vurğulayıb ki, Prezidentin bu ili "Multikulturalizm ili” elan etməsi tarixi faktların fonunda bir yekun kimi çox sevindirici haldır: "Qoy, dünya milli-etnik, dini, irqi ayrı-seçkilikdən uzaq durmağın nümunəsini Azərbaycan modelində görsün".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi