Yuxarı

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Belqradda qeyd edilib

Səfir Eldar Həsənov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın Serbiyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Serbiya hökumətinin və parlamentinin üzvləri, Belqrad şəhər meriyasının nümayəndələri, Serbiyanın nüfuzlu ictimai, siyasi və mədəniyyət xadimləri, ziyalılar, Serbiya Elm və İncəsənət Akademiyasının və Serbiya Yazıçılar İttifaqının üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri, bu ölkədə yaşayan və işləyən Azərbaycan icmasının üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.

Əvvəlcə Həmrəylik Günü münasibətilə Prezident İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı müraciətin mətni oxunub.

Səfir Eldar Həsənov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqının həmrəyliyinə və milli birliyinə yönəlmiş siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xarici ölkələrdə, o cümlədən Serbiyada təhsil alan və işləyən azərbaycanlılar Azərbaycan dövlətinin qayğısını və dəstəyini daim hiss edirlər. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycanda sürətli inkişaf prosesi gedir, xalqımızın rifahı və ölkəmizdə əmin-amanlıq təmin olunur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir problemin həlli istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edilmiş, bu qurumların ölkəmizin Serbiyada və Qərbi Balkan regionunda tanıdılması və təbliği istiqamətində apardığı işlər yüksək qiymətləndirilib. Qeyd edilib ki, Serbiyada çalışan və təhsil alan azərbaycanlılar iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük töhfə verməkdədirlər və bu fəaliyyətin daha da intensivləşdirilməsi vacibdir.

Tədbirdə, həmçinin 2015-ci ildə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı istiqamətində səfirliyin fəaliyyətinə yekun vurularaq, əldə olunan nailiyyətlər barədə məlumat verilib, 2016-cı ildə qarşıda duran vəzifələrdən bəhs olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi