Dövlət Komitəsinin sədri ATƏT-ə şikayət etdi

Dövlət Komitəsinin sədri ATƏT-ə şikayət etdi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri səfir Piter Teyler və seçki təhlilçisi Masa Yanyusevic ilə görüşüb.
Xarici siyasət
5 Fevral , 2020 17:20
Dövlət Komitəsinin sədri ATƏT-ə şikayət etdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri səfir Piter Teyler və seçki təhlilçisi Masa Yanyusevic ilə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib. 

R.Rzayev qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdundan didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti və onlara göstərilən dövlət qayğısı haqqında məlumat verib: "Bununla yanaşı, qeyd olunub ki, Ermənistan öz işğalçılıq siyasəti ilə bu insanların bir sıra fundamental hüquqlarını, o cümlədən seçki hüququnu pozmaqda davam edir. Belə ki, doğma yurdlarını itirmiş məcburi köçkünlər prezident və parlament seçkilərində iştirak etsələr də, yerli özünidarəetmə orqanı olan bələdiyyələrə seçkilərdən kənarda qalırlar. Çünki onların daimi yaşayış yerləri hələ də Ermənistanın işğalı altındadır. Həmin ərazilərin işğaldan azad edilməsinə dair BMT-nin 4 qətnaməsini yerinə yetirməyən bu təcavüzkar dövlətə qarşı beynəlxalq miqyasda təzyiq göstərilməməsi isə təəssüf doğurur".

Dövlət Komitəsinin sədri fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərində məcburi köçkünlərin fəal iştirak edəcəklərinə ümidvar olduğunu, seçki prosesinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının müdaxiləsinin mümkünsüzlüyünü bildirib. Azərbaycanda demokratik ənənələrin əsasının hələ ötən əsrin əvvəllərində Xalq Cümhuriyyəti dövründə qoyulduğunu, dövlət müstəqilliyinin bərpasından sonra bu ənənələrin daha da inkişaf etdirildiyini vurğulayan Dövlət Komitəsinin sədri özünün də əvvəllər parlament seçkilərində iştirak etdiyini və siyasi mübarizə praktikasından xəbərdar olduğunu diqqətə çatdırıb. Hazırda bir vətəndaş kimi ölkəmizdə mövcud olan demokratik seçki mühitini yüksək qiymətləndirib.

Səfir Piter Teyler səmimi qəbula və hərtərəfli məlumata görə təşəkkürünü bildirib, başçılıq etdiyi uzunmüddəli seçki missiyasının fəaliyyəti barədə söz açıb, qaçqınların və məcburi köçkünlərin növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı fikirlərini bildirib. O, Mərkəzi Seçki Komissiyasından aldığı məlumata diqqəti yönəldərək, məcburi köçkünlərin 14 seçki dairəsi üzrə 500-dən artıq seçki məntəqəsində səs verəcəklərini qeyd edib, ATƏT müşahidəçilərinin həmin dairə və məntəqələrdə də öz missiyasını yerinə yetirəcəklərini vurğulayıb.

Dövlət Komitəsinin sədri DTİHB seçki müşahidə missiyasının rəhbərinin və seçki təhlilçisinin suallarını cavablandırıb, onlara öz missiyalarını uğurla başa çatdırmağı arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Orphus sistemi