Azərbaycanlı və xarici ekspertlər köçkün problemi ilə bağlı tövsiyələr hazırlayacaqlar

Azərbaycanlı və xarici ekspertlər köçkün problemi ilə bağlı tövsiyələr hazırlayacaqlar Azərbaycanlı və xarici ekspertlər köçkün problemi ilə bağlı qısa, orta və uzunmüddətli tövsiyələr hazırlayacaqlar.
Xarici siyasət
19 Sentyabr , 2023 10:07
Azərbaycanlı və xarici ekspertlər köçkün problemi ilə bağlı tövsiyələr hazırlayacaqlar

Azərbaycanlı və xarici ekspertlər köçkün problemi ilə bağlı qısa, orta və uzunmüddətli tövsiyələr hazırlayacaqlar.

"Report" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycandakı nümayəndəsi Bik Lum və Məcburi Köçkünlərin Profilləşdirilməsi üzrə Müştərək Xidmətinin (JİPS) ekspertləri ilə görüşdə qeyd olunub.

Görüşdə qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, dövlət komitəsinin fəaliyyət istiqamətləri, torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan reallıqlar, "Böyük Qayıdış" proqramı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.

Vurğulanıb ki, Dövlət Komitəsi beynəlxalq hüququn prinsiplərinə əsasən, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışı üçün dövlət tərəfindən qarşısına qoyulan vəzifələri icra edir. Bu günədək 2 mindən çox məcburi köçkünün doğma yurdlarında dayanıqlı məskunlaşması təmin edilib. "Böyük Qayıdış" zamanı məcburi köçkünlərin ehtiyaclarının və potensialının qiymətləndirilməsi üçün müvafiq tədbirlər görülür, eyni zamanda bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi də fəaliyyətin düzgün qurulmasına öz töhfəsini verəcək.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycandakı nümayəndəsi Bik Lum bildirib ki, beynəlxalq təşkilatların qurumlararası orqanı olan Məcburi Köçkünlərin Profilləşdirilməsi üzrə Müştərək Xidmətinin (JİPS) iki eksperti sentyabrın 17-27-də Dövlət Komitəsində fəaliyyət göstərəcək, komitənin əməkdaşları ilə birgə, beynəlxalq təcrübə əsasında, daxili köçkünlüklə bağlı mövcud məlumatların idarə edilməsi, onlardan istifadənin yaxşılaşdırılması və yeni potensial yaradılması üzrə real, qısa, orta və uzunmüddətli tövsiyələr hazırlayacaqlar. Əldə edilən nəticələr Dövlət Komitəsi, BMT QAK və JIPS arasında gələcək potensial layihənin əsasını təşkil edəcək. Ekspertlər Dövlət Komitəsinin müvafiq struktur bölmələri ilə də görüşlər keçirəcək.

Görüşdə ekspertlərin çoxsaylı sualları cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi