Yuxarı

Dörd xarici səfir və bir konsul Bakıda Azərbaycan dilini öyrənir

Dil kurslarına Rusiya səfirliyinin əməkdaşları daha çox maraq göstərir

Bakı. 24 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində Azərbaycanda yaşayan xarici vətəndaşların Azərbaycan dilini düzgün və rahat mənimsəməsi məqsədilə dil kursları fəaliyyət göstərir.

Mərkəzdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, kurslara xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və işçiləri, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi şəxslər maraq göstərir.

Kurslara birinci mərhələdə Kuba, Serbiya respublikalarının, İspaniya və Niderland krallıqlarının ölkədə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirləri, həmçinin digər səfirliklərin əməkdaşları qatılıb.

İkinci mərhələdə dərslərdə Avstriya Respublikasının Azərbaycandakı konsulu və səfir müavini, Braziliya səfirliyinin əməkdaşları, Bakıda yaşayan bir neçə Braziliya vətəndaşı və Pakistan səfirliyinin hərbi attaşesi iştirak edir.

Kurslara ən çox maraq göstərən qeyri-rezidentlər Rusiya səfirliyinin əməkdaşlarıdır. Onlar çoxluq təşkil etmələri səbəbindən ayrıca, böyük qrupda dərslərə qatılır.

Tərcümə Mərkəzindən bildirilib ki, kurslara Hindistan, Yaponiya, Türkmənistan və Tacikistan respublikalarının Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin əməkdaşları və ölkədə yaşayan ayrı-ayrı vətəndaşlar da maraq göstərir, hazırda mərkəz yeni qrupların təşkili üzrə işlər aparır.

Kurslar interaktiv və praktiki formatda təşkil edilir. Dərslər əsasən şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir və tədris zamanı ölkəmizin mədəniyyəti, rəmzləri, xalqımızın adət-ənənələri və tarixi həqiqətlərini əsk etdirən mövzulara müraciət edilir.

Qeyd edək ki, kursların müddəti 6-12 aydır. Məşğələlər dərs müddəti 1,5 saat olmaqla, həftədə 2 dəfə Tərcümə Mərkəzinin inzibati binasında keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi