​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Azərbaycan haqqında əsassız ittihamlar səsləndirilməsini qəti şəkildə pisləyirik

​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Azərbaycan haqqında əsassız ittihamlar səsləndirilməsini qəti şəkildə pisləyirik “Azərbaycan xalqı tarixən tolerant və multikultural xalqdır”
Xarici siyasət
14 İyun , 2015 16:44
​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Azərbaycan haqqında əsassız ittihamlar səsləndirilməsini qəti şəkildə pisləyirik

Bakı. 14 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Almaniya Bundestaqının Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb. “Report”un xəbərinə görə, bəyanatda bildirilib ki, Bundestaqın qətnaməsi qərəzlidir: “İyunun 12-də Almaniya Bundestaqında ölkəmizə qarşı qərəzli, böhtan xarakterli, ictimai-siyasi sabitliyə, inkişafa və mövcud tolerantlıq mühitinə kölgə salmağa cəhd edən qətnamə qəbul olunub. Qətnamədə ölkəmizdə din azadlığının məhdudlaşdırılması, qeyri-islam dini icmalara qarşı ayrı-seçkilik və diskriminasiya hallarına yol verildiyi iddia olunur. Məqsədyönlü və qərəzli xarakter daşıyan, heç bir əsası olmayan, cəfəngiyyat dolu bu sənədin qəbul olunması iki ölkə arasında münasibətlərə zərər gətirməklə yanaşı, Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi etirazla qarşılanıb”.

Bəyanatda xatırladılıb ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya və “Dini etiqad azadığı haqqında” qanunla təsbit olunub: “Dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycan dünyəvi dövlət olsa da, dövlət tərəfindən daima dinə xüsusi diqqət və qayğı göstərilir. Məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da təmir-bərpa edilir, yeniləri tikilərək inanclı insanların istifadəsinə verilir. Hər il dövlət başçısı tərəfindən Prezidentin Ehtiyat Fondundan dini icmaların fəaliyyəti üçün maliyyə vəsaiti ayrılır. Bu il üçün də ayrılmış həmin vəsaitin 400 min manatı qeyri-islam dini icmalarına verilmişdir.

Azərbaycan xalqı tarixən tolerant və multikultural xalqdır. Ölkəmizdə heç bir tarixi dövrdə dini, irqi və etnik zəmində qarşıdurma halları baş verməyib. Azərbaycanın tolerantlığı, dövlətin multikulturalizm siyasəti bütün dünyada nümunə və müsbət təcrübə kimi qəbul edilir. Dini etiqadından asılı olmayaraq, qanunvericiliyin tələblərinə cavab verən bütün İslam və qeyri-islam dini icmalar rəsmi dövlət qeydiyyatına alınır və sərbəst şəkildə fəaliyyət göstərir”.

Bəyanatda bildirilib ki, Almaniya Bundestaqının Azərbaycana bu cür mənfi münasibət göstərməsi, ölkəmizi ayrı-seçkilikdə və diskriminasiyaya yol verməkdə ittiham etməsi qəbuledilməzdir: “Belə ki, Almaniyada son illər geniş vüsət alan islamafobiya prosesləri etnik və dini zəmində toqquşmalarla müşayət olunur. Bu proses indi də davam etməkdədir. Almaniya 2010-cu ildə rəsmi şəkildə multikulturalizmdən imtina edərək, bu gün yaşanan İslam əleyhinə hərəkatlara və islamafobiyanın geniş yayılmasına rəvac verib. Yaxşı olardı ki, Almaniya Bundestaqında Azərbaycanla bağlı məsələni müzakirə edən bəzi deputatlar və ayrı-ayrı siyasi dairələr öz ölkələrindəki islamafobiya, anti-islam hərəkatını, dini və etnik ayrı-seçkiliyin səbəblərini və fəsadlarını müzakirə edərək qiymətləndirsinlər.

Bu cür neqativ halların yaşandığı, insanların dövlət səviyyəsində dini ayrı-seçkliyə məruz qaldığı cəmiyyətin ali qanunverici orqanının ölkəmizə dair insan haqlarının pozulmasını iddia etməsini və ölkəmiz haqqında əsassız ittihamlar səsləndirməsini qəti şəkildə pisləyirik.

Azərbaycan sürətlə inkişaf edən dövlətdir. Bu inkişafa, tərəqqiyə kölgə salmaq istəyən, ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışan heç bir qüvvə bu istəyinə nail ola bilməyəcək”.

Son xəbərlər

Orphus sistemi