Yuxarı

Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti BQXK rəsmisinin diqqətinə çatdırılıb

Baş nazirin müavini BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bakı. 3 avqust. REPORT.AZ/ Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

Bu barədə "Report" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) bildirilib. 

Məlumata görə, görüşdə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər müzakirə olunub. Həmçinin, BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, bu qurumun həyata keçirdiyi layihələri, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün BQXK tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirib və Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə olan bütün beynəlxalq təşkilatların azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib: "Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə məşğul olurlar, ancaq onların fəaliyyətinin hələlik heç bir nəticəsi yoxdur".

Qəbulda Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı "Dağlıq Qarabağ" rejiminin "məhkəməsinin qərarı ilə" barələrində "hökm" çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bugünkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb.

"Bu məsələ ilk gündən Prezident İlham Əliyevin daimi nəzarətindədir. Dövlət başçısının tapşırığı ilə hər iki vətəndaşımızın girovluqdan azad edilməsi məsələsini Cenevrədə səfərdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etmişəm. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə müasir kommunikasiya imkanlarından istifadə edilməklə birbaşa təmas qura bilməsi üçün köməklik göstərilməsini təşkil etsinlər. O da bu işlə məşğul olacaqlarına söz verdi. Lakin hələ də bir nəticə yoxdur", - deyə Ə.Həsənov vurğulayıb.

BQXK rəsmisi ölkəmizdə fəaliyyətə başladığı zaman aprel hadisələri zamanı təmas xəttində baş vermiş hadisələrlə bağlı çox gərgin işlədiklərini bildirib. O, cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən aqro dəstək və nağd pul qrantları vasitəsilə aprel hadisələri zamanı məhsullarını itirmiş cəbhəyanı ərazilərin sakinlərinə yardım göstərilməsi, ilk tibbi yardım təlimlərinin keçirilməsi, münaqişə ilə əlaqədar stress yaşayan uşaqlar üçün istirahət fəaliyyətləri və s. kimi layihələr barədə geniş məlumat verib və həyata keçirdikləri qiymətləndirməni də nəzərə çatdırıb: "Aprel hadisələri zamanı artilleriya silahlarından istifadə edilməsi nəticəsində mülki əhaliyə böyük ziyan dəydi. Eyni zamanda, əkin sahələrinə düşmüş mərmilərin partlamaması sonradan insanlar üçün böyük problemlər yaradırdı. Münaqişə nəticəsində şəxsi təsərrüfatlarına ziyan dəymiş insanlara kömək olsun deyə təşkilat tərəfindən həmin ailələrə müxtəlif köməkliklər göstərilib və bunlar hazırda davam etdirilir. Həm əvvəllər, həm də son hadisələr zamanı cəbhəyanı zonalarda yaşayan mülki əhali arasında yaranmış stressləri aradan qaldırmaq üçün bəzi layihələri müzakirə edirik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi