Bakı. 3 may. REPORT.AZ/ "2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin paytaxtı titulunu fəxrlə və layaqətlə daşıyan Gəncə şəhəri 2019-cu ildə Avropanın İdman şəhəri tituluna sahib olmaq üçün namizədliyini irəli sürüb. Bu da həm idman, həm də bütün digər sahələrdə əldə olunan nəticələrə müsbət təsir edəcək, eləcə də Gəncədə idmanın inkişafı və kütləviliyini daha da artıracaq".
"Report" xəbər verir ki, bunu deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. "Tarixən idmanın müxtəlif növləri inkişaf edən ölkəmizdə idman siyasəti bu gün özünün yüksəliş dövrünü yaşayır. Ölkə Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmizdə idmanın inkişafında mühüm nailiyyətlər əldə edilib. Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Ölkədə idman siyasəti sahəsində həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız möhtəşəm qələbələrə imza atıb, üçrəngli bayrağımızı beynəlxalq arenalarda dəfələrlə dalğalandırıblar", - deputat bildirib.
N.Həmzəyev qeyd edib ki, dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı nəticəsində ölkədə idman bazası möhkəmlənir, yeni komplekslər və idman zalları tikilir, müxtəlif tədbirlər təşkil olunur: "Son illər idmançılarımızın davamlı olaraq ölkəmizə medallar gətirməsi, qazandıqları yeni-yeni uğurlar digər gənclərə də stimul verir. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar".
Deputat ölkəmizdə beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatlarının keçirildiyini və beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsinin heç də təsadüfü olmadığını vurğulayıb: "Azərbaycanın beynəlxalq imicinin artması hər şeydən əvvəl dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıqla birbaşa bağlıdır".
N.Həmzəyev Gəncə şəhərinin idmanın inkişafı sahəsindəki yüksək potensialını vurğulayaraq, bu il iri infrastruktur layihələri arasında həmçinin Gəncədə müasir tipli İdman Sarayının tikintisinin də nəzərdə tutulduğunu əlavə edib.