Deputat: "Ərazi bütövlüyümüzün bərpası, hərbi gücümüz və regionda söz sahibinə çevrilməyimiz İranı narahat edir"

Deputat: "Ərazi bütövlüyümüzün bərpası, hərbi gücümüz və regionda söz sahibinə çevrilməyimiz İranı narahat edir" "Azərbaycan hər zaman İran da daxil olmaqla regionda qarşılıqlı hörmət və mehriban qonşuluq siyasətini dəstəkləyən dövlətlərin başında gəlib.
Xarici siyasət
7 Oktyabr , 2021 17:28
Deputat: Ərazi bütövlüyümüzün bərpası, hərbi gücümüz və regionda söz sahibinə çevrilməyimiz İranı narahat edir
Nurlan Həsənov

"Azərbaycan hər zaman İran da daxil olmaqla regionda qarşılıqlı hörmət və mehriban qonşuluq siyasətini dəstəkləyən dövlətlərin başında gəlib. Lakin öz ərazi bütövlüyümüzü bərpa etməyimiz, hərbi gücümüz, dostlarımızın günü-gündən çoxalması, yəni bir sözlə, regionda söz sahibinə çevrilməyimiz cənub qonşumuzu narahat edir".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində əldə edilən zəfərlə Azərbaycan regionda həm hərbi, həm də siyasi-diplomatik gücünü bütün dünyaya göstərib: "Vətən müharibəsi tək hərbi uğur deyil, eyni zamanda dövlətimizin diplomatik uğurudur. Biz bu gün müstəqil ölkəyik. Həm daxili, həm xarici siyasətdə, həmçinin hərbi sahədə Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində müstəqil qərar vermək hüququna sahibdir. Azərbaycan dövlətinin daxili və xarici siyasi hədəflərini müəyyən edən lideri və müvafiq dövlət qurumları var. Bu məsələlərə kənardan müdaxilə etməyə çalışmaq isə bütövlükdə Azərbaycana qarşı hörmətsizlikdir. Kimsə bizimlə göstəriş və ya təhdid dili ilə danışarsa, onsuz da heç bir şey əldə edə bilməz. Əksinə, çox şey itirər".

Deputat bildirib ki, İran öz qonşusuna qarşı hansısa ittihamları səsləndirmədən öncə gərək Azərbaycanın ərazi bütövlüyünə münasibətdə nə qədər səmimi olması barədə düşünsün: "Guya 30 illik işğal dövründə sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İran özü Ermənistanla birbaşa Qarabağda əməkdaşlıq etmirdi ki? Amma indi Azərbaycanı boş uydurmalarla ittiham edir. Bu gün Azərbaycan regionda bütün dövlətlər arasında həm kommunikasiyaların açılması, həm iqtisadi və ticarət, həm də siyasi münasibətlərin normallaşdırılması istiqamətində çalışır. Azərbaycan da regionda sülh istəyir. Bura Ermənistan da daxildir və artıq yavaş-yavaş bunun real nəticələrini də görürük. Məsələn, artıq Azərbaycan Ermənistanın, Ermənistan da Azərbaycanın hava məkanından istifadə edə bilir. İnanıram ki, bunun davamı da gələcək".

Son xəbərlər

Orphus sistemi