Yuxarı
    Bağlamaq

    Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş keçirilib - YENİLƏNİB

    Görüşdə TAP və TANAP layihələri, investisiya, maliyyə-kredit, kənd təsərrüfatı, əczaçılıq və s. bağlı fikir mübadiləsi aparılıb

    Bakı. 17 yanvar. REPORT.AZ/ Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythardın görüşü olub.

    "Report" xəbər verir ki, İsveçrə Prezidenti Doris Löythard Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yeni sahələri əhatə etdiyini deyən xanım Doris Löythard maliyyə sektorunda artıq uğurlu əlaqələrin qurulduğunu vurğulayıb, ölkələrimizin enerji sahəsində də səmərəli əməkdaşlıq etdiyini bildirib.

    Xanım Doris Löythardın ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Azərbaycan ilə İsveçrə arasında uğurlu tərəfdaşlıq əlaqələrinin olduğunu deyib. Dövlət başçısı Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təsirlərinin aradan qaldırılması və iqtisadiyyatın inkişaf etdirilməsi, həmçinin iqtisadiyyatın və ixracatın şaxələndirilməsi ilə bağlı ölkəmizdə görülən işlərdən danışıb. Prezident İlham Əliyev ölkəmizin böyük tranzit imkanlarının olduğunu, Azərbaycanın mühüm nəqliyyat tranzit mərkəzinə çevrildiyini bildirib.

    Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulanıb, TAP və TANAP layihələri, investisiya, maliyyə-kredit, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi