Daşqın Şikarov etimadnaməsini BƏƏ-nin hökumət başçısına təqdim edib

Daşqın Şikarov etimadnaməsini BƏƏ-nin hökumət başçısına təqdim edib Səfir həmçinin BƏƏ-nin XİN rəhbəri ilə də görüşüb
Xarici siyasət
15 Fevral , 2016 15:35
Daşqın Şikarov etimadnaməsini BƏƏ-nin hökumət başçısına təqdim edib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov etimadnamələrini Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktuma təqdim edib.

Bu barədə "Report"a Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.

D.Şikarov BƏƏ-yə təyinatından məmnun olduğunu bildirərək, fəaliyyəti müddətində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin daha da möhkəmləndirilməsində və inkişaf etdirilməsində əlindən gələni edəcəyini vəd edib.

Sonra səfir Azərbaycan Prezidenti İlham Əliyevin Əl Maktuma salamlarını və dost BƏƏ xalqına firavanlıq və rifah ilə bağlı diləklərini çatdırıb.

Öz növbəsində, Əl Maktum İlham Əliyevin salamlarına və diləklərinə görə minnətdarlığını bildirib, Azərbaycanın dövlət başçısına BƏƏ prezidenti şeyx Xəlifə bin Zayed Əl Nəhyanın və öz salamlarının çatdırılmasını xahiş edib və dost Azərbaycan xalqına səadət və rifah arzu edib.

Əl Maktum həmçinin səfirə yeni vəzifəsində uğurlar diləyərək, fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafında öz adından və başçılıq etdiyi federal hökumətin adından dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Etimadnamələrin təqdimat mərasimindən dərhal sonra səfir D.Şikarov mərasimdə iştirak edən BƏƏ-nin xarici işlər naziri şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi