Pakistanın baş naziri: "Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyimizi davam etdirəcəyik"

Pakistanın baş naziri: "Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyimizi davam etdirəcəyik" Navaz Şərif yaxın günlərdə Azərbaycana səfər edəcək
Xarici siyasət
7 Oktyabr , 2016 18:02
Pakistanın baş naziri: Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyimizi davam etdirəcəyik

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Baş naziri Nəvaz Şəriflə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, Ə.Əlizadə Pakistana səfir kimi təyinatından şərəf hissi duyduğunu bildirib, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, bu ölkənin Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edərək, bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan prezidentlərinin xüsusi rolunun olduğunu vurğulayıb.

Səfir Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini deyib. O, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Ə.Əlizadə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayaraq, bu layihələrin gələcəkdə də fond tərəfindən davam etdiriləcəyini bildirib.

Nəvaz Şərif Azərbaycan Prezidenti ilə yaxın dostluq, qardaşlıq əlaqələrinin olduğunu, Davosda və digər yüksək səvyiyyəli tədbirlərdə keçirdiyi görüşləri xatırladıb, Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını bildirib.

Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bildirən baş nazir, Dağlıq Qarabağ məsələsində Azərbaycana tam dəstəyin davam edəcəyini vurğulayıb. Pakistanın Baş naziri Nəvaz Şərif iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticari və digər əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial və imkanların olduğunu bildirirb, Pakistanın iqtisadi əlaqələrin də daha da inkişafına hazır olduğunu diqqətə çatdırıb və Əli Əlizadayə Pakistandakı fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə həmçinin Pakistan baş nazirinin yaxın günlərdə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi