ICESCO-nun Azərbaycanda regional ofisinin açılması ilə bağlı sənəd imzalanacaq

ICESCO-nun Azərbaycanda regional ofisinin açılması ilə bağlı sənəd imzalanacaq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Xarici siyasət
18 May , 2022 18:23
ICESCO-nun Azərbaycanda regional ofisinin açılması ilə bağlı sənəd imzalanacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, C.Bayramov Azərbaycanla ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib.

Baş direktorun ötən il ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşə istinad edən nazir ICESCO-nun ölkəmizin azad edilmiş ərazilərinə səfər edən ilk beynəlxalq təşkilatlar sırasında olduğunu məmnunluqla vurğulayıb.

Nazir Azərbaycan hökuməti tərəfindən ölkə ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqətin ayrıldığını qeyd edib, həmsöhbətinin diqqətini xüsusilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının tarixi-mədəni irsinin məqsədli dağıdılması faktına yönəldib. O, hazırda azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işlərindən, o cümlədən tarixi, dini və mədəni abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirlərindən danışıb. Ceyhun Bayramov həmçinin İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəklədiyini minnətdarlıqla ifadə edib.

Salim bin Məhəmməd əl-Malik Azərbaycanın ICESCO-nun fəaliyyətini hər zaman dəstəklədiyini vurğulayıb və ölkənin təşkilatın işinə verdiyi töhfəni təqdir edib. Hazırkı səfəri çərçivəsində Şuşa şəhərində keçiriləcək konfransda iştirak edəcəyini qeyd edən Baş direktor həmçinin yaxın günlərdə ICESCO-nun xüsusi missiyasının Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcəyini söyləyib. ICESCO-nun Baş direktoru cari səfəri çərçivəsində Azərbaycanda təşkilatın regional ofisinin açılışı ilə bağlı müvafiq sənədin imzalanacağını məmnunluqla qeyd edib.

Görüşdə tərəflər ICESCO-Azərbaycan əməkdaşlığının perspektivləri, o cümlədən gənclərin iştirakı ilə sülh gündəliyini təşviq edən müxtəlif proqramların həyata keçirilməsi, təhsil sahəsində əməkdaşlıq, habelə tarixi-mədəni abidələrin qeydiyyatının həyata keçirilməsi və digər məsələlər ətrafın fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi