Azərbaycanın Ərəb ölkələri ilə əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Ərəb ölkələri ilə əməkdaşlığı müzakirə olunub Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Əbul Qeyt ilə görüşüb.
Xarici siyasət
21 Sentyabr , 2023 03:39
Azərbaycanın Ərəb ölkələri ilə əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Əbul Qeyt ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə, Azərbaycanın ƏDL çərçivəsində, habelə individual əsasda Ərəb ölkələri ilə əməkdaşlıq məsələləri, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

C.Bayramov, tarixi və mədəni baxımından bir çox oxşar xüsusiyyətlərimizin olduğu Ərəb dünyası ölkələri ilə, o cümlədən ƏDL çərçivəsində əməkdaşlığa verdiyimiz əhəmiyyətdən bəhs edərək, bu istiqamətdə bir çox sahələr, o cümlədən iqtisadiyyat, investisiyalar, kənd təsərrüfatı, bağlantılar və s. sahələr üzrə əməkdaşlığın perspektivlərinin mövcud olduğunu diqqətə çatdırıb. Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ƏDL üzvü olan bir sıra ölkələrlə əlaqələrimizin daha da genişləndirilməsi məmnunluqla qeyd edilib.

C.Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. 2020-ci ildə müharibənin bitməsindən dərhal sonra Azərbaycanın təşəbbüsü ilə başlayan normallaşma və sülh prosesi, mövcud çağırışlar və çətinlikləri qeyd edən nazir Ceyhun Bayramov, bu xüsusda regionda təhlükəsizliyə ən böyük hədələrdən biri olan ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna tərəfimizdən aparılan antiterror tədbirləri nəticəsində son qoyulduğunu bildirib. Ərazi bütövlüyümüz və suverenliyimizə hədə olan bu təhlükənin eyni zamanda Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlər ilə reinteqrasiya prosesinin irəlilədilməsinə də ciddi maneə törətdiyi diqqətə çatdırılıb. Bundan sonra da tərəfimizdən Ermənistanla ikitərəfli əsasda normallaşma gündəliyinin təşviqi, habelə milli səviyyədə erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası sahəsində əməli addımların atılacağı diqqətə çatdırılıb.

Baş katib Əhməd Əbul Qeyt, ötən il Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə səfərini və dövlət başçımızla keçirdiyi görüşü xatırlayaraq, bu kimi təmasların münasibətlərin inkişaf perspektivlərinin müzakirəsində əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycanın bölgədə sülh və quruculuq səylərinin təqdirəlayiq olduğu, bu xüsusda regionda dayanıqlı sülh quruculuğu sahəsində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi